MTN-in sabiq şöbə rəisinin məhkəməsində “Texnibank”ın rəhbəri ifadə verib

MTN-in sabiq şöbə rəisinin məhkəməsində “Texnibank”ın rəhbəri ifadə verib
# 31 mart 2017 14:44 (UTC +04:00)

Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə bildirilib ki, iş üzrə zərərçəkmişlər ölkə rəhbərliyinə müraciət edərək, MTN-nin baş istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyev və “Texnikabank”ın rəhbəri olmuş Etibar Əliyevin cinayət məsuliyyətinə cəlb olunmasını istəyiblər. Hakim həmin məsələyə məhkəmənin sonunda qiymət verəcəklərini deyib.

İclasda Vüsal Ələkbərov barəsində seçilmiş həbs qətimkan tədbirinin alternativ cəza ilə əvəzlənməsi barədə vəsatət verib. Hakimlər vəsatətin təmin edilməməsi barədə qərarı açıqlayandan sonra Vüsal Ələkbərov prosesə sədrlik edən hakimlərə etiraz verilməsi barədə vəsatət vermək istəyib. Bu zaman hakim deyib ki, prosesə şahid gəlib, onu dindirəndən sonra vəsatət verilə bilər. Vüsal Ələkbərov hakimlərə etirazını bildirib. O, arxasını hakimlərə çevirərək, zaldan çıxarılmasını tələb edib.

Müşavirə keçirən hakimlər etirazın əsaslı olmadığı nəticəsinə gəliblər və təmin edilməməsinə qərar veriblər.

Daha sonra iclasda Etibar Əliyev şahid qismində ifadə verib. O bildirib ki, Vüsal Ələkbərovun zərərçəkmişlərdən rüşvət almasından xəbəri olmayıb: “Zərərçəkmişlərin batmış pulları ilə bağlı mübahisəli məsələ olub. Həmin məsələyə məhkəmələrdə baxılıb və hüquqi qiymət verilib. Sonradan bilmişəm ki, Hüseyn Səfərov, Nizami Kazımov, Namil Rzayevin bankın “Bakı” filialının rəhbəri olmuş Zal Yusifovla münasibətləri olub. Zal Yusifov həmin şəxslərin inamını qazanıb və pullarını ələ keçirib. Zal Yusifov Hüseyn Səfərova birlikdə bank açmağı təklif edib. Hüseyn Səfərov da qohumlarından pulları yığaraq Zal Yusifova verib. Sonradan Zal Yusifov bankın kassasından oğurluq edərək onlara pul verib. Həmin vaxt mən məzuniyyətdə olmuşam. Bunu eşidən də dərhal işə çıxdım və araşdırma aparandan sonra Zal Yusifovu işindən kənarlaşdırdıq. Zərərçəkmişlərin pulları bankın balansına keçirilməyib. Həmin pulların Zal Yusifov tərəfindən mənimsənilməsini zərərçəkmişlərə izah etdim”.

Etibar Əliyev qeyd edib ki, zərərçəkmişlərin pulları banka qoyması, əmanət kitabçaları almaları barədə dedikləri də yalandır. Etibar Əliyev sabiq nazir Eldar Mahmudovla əlbir olması barədə deyilənlərə belə cavab verib: “Mən Eldar Mahmudovla necə əlbir ola bilərəm? Mənim özümü də həbs etmişdilər”.

Bankın “Sumqayıt” filialının rəhbəri olmuş Müssənif Salahovdan hədə-qorxu yolu ilə 600 min manatın alınması barədə xəbərsiz olduğunu deyən Etibar Əliyev bildirib ki, həmin dövrdə özü də həbsdə olub. O, digər zərərçəkmiş iş adamı Akif Qurbanovdan 1 milyon manat hədə-qorxu yolu ilə alınması barədə suallara da cavab verib: “Həbsdən çıxandan sonra Akif Qurbanovla bu barədə danışmışıq. Akif dedi ki, hansısa toyda Mövlam Şıxəliyevlə rastlaşıb, həmin vaxt Mövlam Şıxəliyevdən məni soruşub. Bu zaman Mövlam Şıxəliyev Akifə kobud cavab verib, məni də təhqir edib. Akif Qurbanovun dövlət əleyhinə çağırışlar etməsinə inanmıram. O, sadə iş adamı olub. Bir də bu dövlətin ərazisində iş görüb, pul qazanır, daha niyə dövlət əleyhinə çağırışlar etsin? Onunla bağlı deyilənlər həqiqəti əks etdirmir”.

Daha sonra Hüseyn Səfərovun bankda sərhəd qoşunlarının 8 milyon manat vəsaitinin batması barədə sualına Etibar Əliyev belə cavab verib: “Bu cəfəngiyatdır. Sərhəd qoşunlarının bankda ümumiyyətlə pul vəsaiti olmayıb”.

Proses aprelin 7-də davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR