“The Korea Times” qəzetində “Bakı faciəvi tarixini Seul ilə bölüşür” adlı məqalə dərc olunub

“The Korea Times” qəzetində “Bakı faciəvi tarixini Seul ilə bölüşür” adlı məqalə dərc olunub
# 17 yanvar 2017 10:24 (UTC +04:00)

Azərbaycanın Cənubi Koreyadakı səfiri Rəmzi Teymurovun yerli “The Korea Times” qəzetində müsahibəsi dərc olunub.

Səfirlikdən APA-ya verilən məlumata görə, “Bakı faciəvi tarixini Seul ilə bölüşür” adlı məqalədə iki ölkənin tarixi oxşarlığı ilə bağlı sualı cavablandıran R. Teymurov Azərbaycan və Koreyanın oxşar tarixə malik olduqlarını, hər iki ölkənin çoxsaylı işğallara və hücumlara məruz qalmalarına baxmayaraq, öz küllərindən yenidən doğulduqlarını və bu gün yerləşdikləri regionun lider ölkələrinə çevrildiklərini bildirib.

Səfir əksər koreyalıların Azərbaycanı yalnız neft və qaz ölkəsi kimi tanıdığını, lakin çox az sayda koreyalının Azərbaycanın müstəqilliyin ilk illərində üzləşdiyi çətinliklər və daha sonra əldə etdiyi nailiyyətləri barədə məlumatlı olduğunu söyləyib. O, 20 yanvar faciəsi ilə bağlı keçirilən tədbirlərin və mətbuatda gedən yazıların Azərbaycanla bağlı daha ətraflı məlumatların Koreya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını deyib.

Yazıda 20 yanvar hadisələrinin qısa tarixçəsinə yer verilib, bu hadisənin Azərbaycan xalqında qəzəb hissi oyatdığını və nəticədə 1991-ci ildə ölkənin müstəqilliyini əldə etdiyi vurğulanıb. Bundan başqa, bu il Xocalı soyqırımının 25-ci ildönümünün qeyd edildiyi də diqqətə çatdırılaraq bu qanlı hadisə barədə məlumat verilib. R. Teymurov koreyalıların soyqırımla bağlı məlumatlandırılması istiqamətində səfirlik tərəfindən aparılan işin davam etdiriləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR