"Caspian European Club"un tibb komitəsinin iclası keçirilib

"Caspian European Club"un tibb komitəsinin iclası keçirilib
# 06 aprel 2018 16:32 (UTC +04:00)

Bakıda "Caspian European Club"un tərkibinə daxil olan tibb komitəsinin qapalı iclası keçirilib.

"Caspian European Club"dan "APA-Economics"ə verilən məlumata görə, tibb komitəsinin rəhbəri Vüqar Eyvazovun sədrliyi ilə təşkil olunmuş toplantıda tibb şirkətlərinin rəhbərləri və nümayəndələri şirkətlərin qarşılaşdığı problemləri, həmçinin onların həlli yollarını müzakirə ediblər. Səsləndirilən təkliflər "Caspian European Club"un hüquq komitəsi tərəfindən öyrənildikdən sonra müvafiq dövlət qurumlarına göndəriləcək.

İclasda həmçinin "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparatının Qanunverici metrologiya şöbəsinin müdiri Oqtay Abbasov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparatının İnformasiya təminatı və elektron idarəetmə şöbəsinin müdiri Fazil Talıbov və “Azetest təcrübə sınaq MMC”nin baş direktoru Qulam Ələkbərli çıxış ediblər. Dövlət qurumları ilə işçi qrup çərçivəsində aparılan müzakirələrin yekunu üzrə xüsusi hesabat və Azərbaycan prezidenti, "Caspian European Club"un sədri İlham Əliyevə təqdim etmək üçün təkliflər paketi hazırlanacaq.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian European Club" 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də "Caspian American Club", 2018-ci il yanvarın 26-da "Caspian Asian Club" yaradılıb. Hər iki təşkilat iki il ərzində "Caspian European Club"un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. "Caspian European Club"a daxil olan bütün şirkətlər avtomatik qaydada "Caspian American Club" və "Caspian Asian Club"un üzvü, "Caspian American Club" və "Caspian Asian Club"a daxil olanlar isə "Caspian European Club"un üzvü hesab olunurlar. "Caspian European Club"un sədri Azərbaycan prezidenti İlham Əliyevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR