Ali Ümumqoşun Komandirləri Məktəbinin məzunlarının ənənəvi görüşü keçirilib - FOTOSESSİYA

Ali Ümumqoşun Komandirləri Məktəbinin məzunlarının ənənəvi görüşü keçirilib  - <span style="color: red;">FOTOSESSİYA
# 20 iyul 2015 16:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin (BAÜKM) hazırda müxtəlif ölkələrdə yaşayan bir qrup məzunu ailə üzvləri ilə birgə Bakıya gələrək məzunların ənənəvi görüşündə iştirak ediblər.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qonaqlar Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. Vaxtilə BAÜKM-nin yerləşdiyi indi isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin fəaliyyət göstərdiyi ərazidə qonaqların qarşılanma mərasimi olub. Sonra görüş iştirakçıları Mərkəzin klubunda Heydər Əliyevin adını daşıyan muzey-lektoriyaya baxıb onun həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Müdafiə naziri Zakir Həsənov görüş iştirakçılarını salamlayaraq hərbi məktəbin keçdiyi döyüş yoluna toxunub və müstəqillik qazandıqdan sonra Ermənistanın işğalçılıq siyasətilə üz-üzə qalmış, müharibədən keçmiş Azərbaycanın ordu quruculuğunda məktəbin yetirmələrinin rolundan danışıb.

“Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin qəhrəmanlıq tarixi və şərəfli ənənələri” mövzusunda məruzə ilə çıxış edən Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev hərbi məktəbin tarixi, fəaliyyəti və indiki vəziyyəti barədə ətraflı məlumat verib.

Tədbirdə müxtəlif ölkələrdən gəlmiş məzunlar adından Anatoli Makarov, Aleksandr Elbakidze, Pavel Dulnev, BAÜKM-nin Məzunları Birliyinin sədri Sergey Antonenko və digərləri doğma məktəblə bağlı xatirələrini bölüşüblər.

Məzunlara xatirə medalları və hədiyyələr təqdim edildikdən sonra məktəbə həsr edilmiş “Yaranma tarixi” sənədli filmi nümayiş olunub. Sonda Müdafiə Nazirliyi Əlahiddə Nümunəvi orkestrinin estrada heyətinin ifasında konsert proqramı təqdim olunub. Qonaqlar həmçinin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi ilə tanış olublar.

Qonaqlar üçün Bakı şəhərində gəzinti təşkil edilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR