Azərbaycan Biznes Keys 2017 müsabiqəsi başa çatıb

Azərbaycan Biznes Keys 2017 müsabiqəsi başa çatıb
# 04 dekabr 2017 09:21 (UTC +04:00)

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi Azərbaycan Biznes Keys 2017 müsabiqəsinin final mərhələsini təşkil edib.

APA-nın məlumatına görə, Azərbaycan Biznes Keys Yarışması universitetlərin maliyyə, biznes, iqtisadiyyat sahəsində təhsil alan bakalavr və magistr tələbələri arasında keçirilən ən prestijli biznes yarışmasıdır. Yarışmada tələbələrə real həyatda şirkətlərin qarşılaşdıqları biznes problemləri əsasında yazılmış Harvard Business School-un keysləri təqdim edilib.

Müsabiqədə iştiraka ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası və Bakı Ali Neft Məktəbini təmsil edən 26 komanda qoşulsa da, onlardan yalnız 16-sı yarımfinal mərhələsinə çıxmağa nail olub və 4 komanda final mərhələsinə çıxıb.

Müsabiqənin yekunu olaraq 1-ci yerə Bakı Mühəndislik Universitetinin tələbələri Hüseyn Məmmədov, Cəfər Cəfərov, Lalə Rüstəmli və Qəzənfər Kərimli nail olublar.

Qalib komandalar ümumilikdə 10.000 AZN mükafat əldə ediblər (I yer 6000 AZN, II yer 3000 AZN və III yer 1000 AZN).

Azərbaycan Biznes Keys müsabiqəsi ölkəmizin qabaqcıl universitetlərini təmsil edən tələbə komandaların iştirak etdiyi ənənəvi müsabiqədir. Bu müsabiqədə tələbələr maliyyə, marketinq, mühasibat, texnologiya və idarəetmə kimi sahələrdə əldə etdikləri bilikləri tətbiq etməklə real biznes problemlərini həll edir və onları Azərbaycanın işgüzar dairələrinin nümayəndələrindən ibarət olan münsiflər heyətinə təqdim ediblər.

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) Azərbaycanda ABŞ Dövlət Departamentinin təhsil mübadilə proqramlarının, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı və ABŞ Universitetlərinin təqaüd proqramlarının dəstəyi ilə ABŞ-da təhsil almış məzunları birləşdirən qeyri-hökumət təşkilatıdır. AAA 2003-cü ilin oktyabrında bütün məzunları bir yerdə toplamaq və inkişaf edən Azərbaycana öz bilik və bacarıqlarını istifadə edərək kömək etmək məqsədilə yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR