Millət vəkilləri: “Aprel döyüşləri Azərbaycanın torpaqlarını itirməsiylə razılaşacağı barədə mifi puça çıxardı”

Millət vəkilləri: “Aprel döyüşləri Azərbaycanın torpaqlarını itirməsiylə razılaşacağı barədə mifi puça çıxardı”
# 02 aprel 2017 11:04 (UTC +04:00)

“Aprel döyüşləri bir dönüş nöqtəsidir”.

Bunu keçən ilin aprel ayında cəbhədə baş verən gərginlik, Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatının ildönümü ilə bağlı APA-ya açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev söyləyib.

R. Rzayev Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı uzun müddətdir ki, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların aparıldığını xatırladıb: “Təəssüflər olsun ki, hələlik Minsk Qrupunun həmsədrlərinin kifayət qədər beynəlxalq hüquqa söykənən ədalətli mövqelərini görə bilmirik, ikili standartlarla üzləşirik. Bu mənada aprel döyüşlərindən sonra Minsk Qrupu çərçivəsində bir sıra dönüşlər baş verdi, Azərbaycan prezidenti İlham Əliyev görüşlər keçirdi. Bəzi konfidensial məsələlərdən məlumatımız olmasa da, bu dönüşü hiss edirik”.

Millət vəkili aprel döyüşlərinin Azərbaycan ordusunun qüdrətini, müasir silahlardan istifadə bacarığını ortaya qoyduğunu da vurğulayıb: “Ordumuz, ümumən xalqımız böyük ruh yüksəkliyi, vətənpərvərlik nümayiş etdirdi. Ordumuz öz vəzifə borcunu həyata keçirməyə hər an hazır olduğunu ortaya qoydu. Azərbaycan xalqımızın bu mövqeyi dünya ictimaiyyətinə də aydın oldu. Aprel döyüşləri Ermənistanın güclü ordusu olması və Azərbaycanın zaman keçdikcə torpaqlarını itirməsi ilə razılaşacağı barədə mifi puça çıxardı. Aprel döyüşlərində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Silahlı Qüvvələrimizin tam nəzarətinə keçdi. İnsanların böyük həvəslə tezliklə doğma kəndlərinə qayıtmaq arzusunu ortaya qoyması, dövlət başçısının Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı müvafiq sərəncamı da xüsusi qeyd etmək lazımdır. İnsanların hamısı öz kəndlərinə qayıtmaq, həyatlarını məhz bu kənddə davam etdirmək istəyir. Artıq kənddə yaşayış evləri tikilir, müvafiq infrastruktur yaradılır. Bu göstərdi ki, digər torpaqlarımız da işğaldan azad edilən zaman insanlar məhz öz torpaqlarına qayıdacaqlar. Bu, çox mühüm amildir”.

R. Rzayev aprel hadisələrinin xalqın Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyini, birliyin olduğunu ortaya qoyduğunu nəzərə çatdırıb: “Bu, dünyaya, Minsk Qrupunun həmsədrlərinə də bir mesaj oldu. Bu döyüşlərdə şəhidlərimiz oldu, onlara Allahdan rəhmət diləyirəm. Bizim hər birimiz torpaqlarımızın azadlığı uğrunda canımızdan keçməyə hazır olmalıyıq”.

Millət vəkili ötən gün dövlət başçısının aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbiçi ilə görüşünü və bu görüşdə verilən mesajları da yüksək qiymətləndirib: “Azərbaycan istənilən halda öz ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazisində antiterror əməliyyatı keçirməyə və separatçı, işğalçı qüvvələri öz torpaqlarından çıxarmağa tam hüququ var. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə görülən işlər sayəsində bu gün Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü, qüdrətli ordusuna çevrilib. Dövlət başçısı hərbiçilərlə görüşündə bildirdi ki, keçən ilin aprelində Azərbaycan ordusu imkanlarının çox az bir qismindən istifadə edib. Apreldə qazanılan qələbə Azərbaycanın danışıqlar prosesində mövqeyini gücləndirib, yeni imkanlar yaradıb. Aprel hadisələri işğalçı Ermənistan ordusu məhz dinc əhalini hədəf alması ilə başladı. Aprel döyüşlərindən sonra dövlət başçısı cəbhəyanı bölgədə zərər çəkən əhali ilə görüşdü, dövlət vəsaiti hesabına dağıntıya məruz qalmış evlərin bərpasına başlandı. Eyni zamanda döyüşlərdə qəhrəmanlıq göstərən əsgər və zabitləri təltif etdi. Hərbçilərlə görüş də göstərdi ki, Ali Baş Komandan hər zaman əsgər və zabitlərimizin yanındadır. Bu gün aparılan siyasətin əsas prioritet də məhz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır”.

Politoloq, millət vəkili Rasim Musabəyov APA-ya açıqlamasında deyib ki, aprel döyüşləri status-kvonun əbədi olacağı barədə baxışın puç olduğunu üzə çıxarıb: “Məlum oldu ki, hərbi əməliyyatlar istənilən an bərpa oluna bilər. Digər tərəfdən, aprel döyüşlərinə qədər Ermənistanın hərbi-siyasi rəhbərliyi hər zaman lovğalanaraq bəyanatlar verirdilər ki, Ermənistanın hərbi üstünlüyə malikdir, Azərbaycanın öz torpaqlarını azad edə bilməz, hətta istəsələr, Kürə qədər irəliləyə bilərlər. Aprel döyüşləri Ermənistanın lovğalığını bitirdi, əksinə, konkret məğlubiyyətlə üzləşdilər. Müdafiə xəttinin yarılması, vacib strateji yüksəkliklərin azad edilməsi, nəhayət, Ermənistanın hərbi rəhbərliyinin istefaya göndərilməsi bunun təsdiqidir. Beləliklə, aprel döyüşlərində Azərbaycan ordusunun üstünlüyünü, kimlərinsə mövcud vəziyyəti, status-kvonu əbədi qoruyub saxlamaq iddialarının reallıqdan uzaq olduğunu nümayiş etdirdi”.

R. Musabəyov ötən gün hərbçilərlə keçirilən görüşdə dövlət başçısının bir daha Azərbaycanın mövqeyini ortaya qoyduğunu qeyd edib: “Azərbaycanın mövqeyi əslində hər zaman dəyişməz olub. İşğal edilən torpaqlar Azərbaycan əraziləridir və Azərbaycan öz torpaqlarını heç vaxt heç kimə güzəştə getməyəcək. Bunu gözləyənlər varsa, onlar yanılırlar. Dövlət başçısı da bir daha bəyan etdi ki, Azərbaycan mövqeyindən geri çəkilməyəcək. Əsas mesaj da budur. Eyni zamanda Ali Baş Komandan Ermənistana xəbərdarlıq etdi ki, həddini bir daha aşmasın. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın keçən ilin aprelində ordusunun imkanının az bir qismindən istifadə edib, ordumuzun bir daha Ermənistanın ağlını başına gətirmək üçün daha böyük imkanları var. Bu, həm də Ermənistanın son dövrlərdəki həyasızlığına bir cavabdır. Ancaq təbii ki, biz müharibə istəmirik, torpaqlarımızın danışıqlar yolu ilə qaytarılmasını arzulayırıq. Mahiyyətcə, danışıqların başlanılması dövlət başçısı tərəfindən dəstəklənib. Azərbaycan substansiv, yəni mahiyyət üzrə danışıqların bərpa olunmasına da hazırdır. Azərbaycan prezidenti hərbçilərlə görüşdə də bunu bir daha vurğuladı”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR