Çin Azərbaycanın Təhsil və Kənd Təsərrüfatı nazirliklərini İKT avadanlıqları ilə təmin edib

Çin Azərbaycanın Təhsil və Kənd Təsərrüfatı nazirliklərini İKT avadanlıqları ilə təmin edib
# 19 sentyabr 2017 15:13 (UTC +04:00)

Bu gün Bakı şəhərindəki 23 nömrəli tam orta məktəbdə Azərbaycanın Təhsil Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə Çin Xalq Respublikasının İqtisadi Texniki Mübadilə üzrə Beynəlxalq Mərkəzi arasında İKT avadanlıqlarının təhvil verilməsi barədə aktın imzalanma mərasimi keçirilib.

APA-nın xəbərinə görə, sənədi təhsil naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri Heydər Əsədov və Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Vey Cinxua imzalayıb.

Nazir Mikayıl Cabbarov bildirib ki, bu gün Azərbaycan və Çin arasında uzun tarixə malik olan əməkdaşlıq inkişaf edir. Onun sözlərinə görə, 2016-cı ilin dekabr ayında bağlanmış müqaviləyə əsasən Çin Xalq Respublikası hökumətinin texniki yardımı hesabına tədris prosesində istifadə olunması məqsədilə Təhsil və Kənd Təsərrüfatı nazirliklərinə 21 min ədəd noutbuk, elektron lövhə, proyektor, printer və digər İKT avadanlıqları təqdim edilib.

Kənd təsərrüfatı naziri Heydər Əsədov isə qeyd edib ki, bu tədbir iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin məntiqi nəticələrindən biridir: “İKT avadanlıqlarının verilməsi təkcə münasibətlərin inkişafı üçün deyil, eyni zamanda aqrar sahədə, təhsil sistemində bacarıqların təkmilləşdirilməsində, institutlarda elmi-tədqiqat işlərinin gücləndirilməsində, eləcə də informasiya-məsləhət xidmətinin genişləndirilməsində mühüm rol oynayacaq”.

Çinin Azərbaycandakı səfiri Vey Cinxua Azərbaycanla bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığa hazır olduqlarını söyləyib. Səfirin sözlərinə görə, təhsil sahəsinə yatırılan investisiya heç zaman itmir.

Nazirlər Kabinetinin şöbə müdiri Nail Fətəliyev isə deyib ki, bu gün ölkənin təhsil sahəsində kifayət qədər bilik və bacarığa malik olan gənclər hazırlanır. O bildirib ki, yaxın zamanlarda peşə təhsili üzrə müasir avadanlıqların ölkəyə gətirilməsi və təhsil müəssisələrinə verilməsi həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR