“Azneft” qaz hasilatını planını 101% yerinə yetirib

“Azneft” qaz hasilatını planını 101% yerinə yetirib
# 14 oktyabr 2016 07:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. SOCAR-ın “Azneft” İstehsalat Birliyi bu ilin yanvar-sentyabr ayları ərzindəki fəaliyyətinin nəticələrini açıqlayıb.

“Azneft”dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin doqquz ayı ərzində İstehsalat Birliyi ölkənin yanacaq-energetika kompleksinin inkişafına öz töhfələrini verib. Birlik neft və qaz hasilatının düşmə tempinin qarşısını alıb və hətta artımına nail olub. Bununla yanaşı, “Azneft” kollektivinin həyata keçirdiyi texniki-geoloji tədbirlər nəticəsində istismar olunan quyulardan plandan əlavə neft-qaz çıxarılıb.

Ümumilikdə bu ilin 9 ayında uğurlu nəticələr əldə edilib, neft sənayesinin inkişafı üçün nəzərdə tutulan proqnoz tapşırıqlara tam əməl olunub. Bu ilin 9 ayı ərzində “Azneft” üzrə 4 mln. 703,7 min ton neft hasil edilib. Bu ilin 9 ayı ərzində qaz hasilatı sahəsindəki göstəricilərdə də artım tempi müşahidə olunub. 2016-cı ilin müvafiq dövrü ərzində 4,1 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, bu rəqəm 4,2 mlrd. kubmetrə bərabər olub. Plan 100,9% yerinə yetirilib.

Yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilib. Çoxsaylı qazma işləri həyata keçirilib, yeni neft və qaz quyuları istismara verilib. İlin ilk 9 ayı ərzində “Azneft”in sifarişi əsasında 43 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 78 min ton neft hasil edilib.

Ötən 9 ayda fəaliyyətsiz quyu fondundan 55 plana qarşı 77 quyu istismara qaytarılıb. Bu quyulardan 16,9 min ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 39,5 min ton neft alınıb ki, bu da plandan 22,6 min ton çoxdur.

Neftin və qazın çıxarılma tempini saxlamaq və artırmaq üçün geoloji və texniki tədbirlərin aparılması böyük əhəmiyyət kəsb edir. Bu mənada ilin əvvəlindən 469 geoloji tədbir keçirilib, nəticədə 146 min ton neft hasil edilib ki, bu da plana qarşı 19 tədbir çox və 15,8 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 32,6 min ton plana qarşı 39,8 min ton neft hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR