İstanbulun Hərbi muzeyində Nuri Paşa və Qafqaz İslam Ordusuna həsr olunmuş sərgi açılacaq

İstanbulun Hərbi muzeyində Nuri Paşa və Qafqaz İslam Ordusuna həsr olunmuş sərgi açılacaq
# 10 yanvar 2018 14:32 (UTC +04:00)

Azərbaycan Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətiylə İstanbulun Hərbiyə muzeyində Nuri Paşa və Qafqaz İslam Ordusu mövzusunda beynəlxalq sərgi açılacaq.

Muzeydən APA-nın Türkiyə bürosuna bildirilib ki. sərginin açılmasına dair təlimat Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilib. Sərginin hazırlıq işləriylə hərbi tarixçi, polkovnik Ömər Aslan məşğul olacaq.

Ömər Aslan deyib ki, Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi iki qardaş ölkənin tarixi və bu günü baxımından çox əlamətdar hadisədir.

“Sərgini muzeyimizin təxminən 2000 kvadratmetrlik sahəsində hazırlayacağıq. Ona görə də mümkün qədər çox materiala baxıb dəyərləndirməyi planlaşdırırıq. Bu sahədə iki ölkənin mütəxəssislərinin tədqiqatlarından maksimum dərəcədə istifadə edəcəyik. Sərginin kataloqunu və kitabını da çıxarmağı nəzərdə tuturuq. Nuri Paşa və Qafqaz İslam Ordusu mövzusundakı əsərlərin müəllifi Atilla Oralın dəyərli məsləhətləri bizim üçün çox faydalıdır, Azərbaycandan da bu sahədə zəhmət çəkmiş alimləri-jurnalistləri işə cəlb etməyi planlaşdırırıq. Hərbi muzeyimizdəki sərgini daha sonra Azərbaycanda nümayiş etdirməyi düşünürük”, – deyə o bildirib.

Qeyd edək ki, Osmanlı imperiyası ordularının son baş komandanı Ənvər Paşanın qardaşı Nuri Paşanın komandanlığı altında yaradılan, Ənvər Paşanın əmisi Xəlil Paşanın və Ərzurumlu Mürsəl Paşanın (daha sonra Bakı soyadını qəbul edib) dəstək verdiyi Qafqaz İslam Ordusu 28 may 1918-ci ildə elan edilən Azərbaycan Cümhuriyyətinin ən böyük hərbi dəstəkçisi olub. Tiflisdə elan edilmiş hökumət 17 iyun 1918-ci ildə Qafqaz İslam Ordusunun himayəsi altında Gəncəyə köçüb. 15 sentyabr 1918-ci ildə isə Nuri, Xəlil və Mürsəl Paşanın idarə etdikləri hərbi əməliyyatlardan sonra Azərbaycanın paytaxtı Bakı erməni-rus işğalından azad edilərək növbəti gün hökumət Tiflisdən Bakıya köçürülüb.

Birinci dünya müharibəsində Osmanlı imperiyasının məğlub olmasından sonra Qafqaz İslam Ordusu Azərbaycanı tərk etmək məcburiyyətində qalsa da Anadoluya qayıdan ordu əsgərləri Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün başlatdığı Qurtuluş savaşında vuruşublar. Türkiyəyə qayıdan Nuri Paşa əvvəlcə çini-keramika işləriylə məşğul olub, İstanbulda 2 silah-sursat zavodu qurub. Nuri Paşa 2 mart 1949-cu ildə zavodunda baş vermiş ağır partlayış nəticəsindən 27 iş yoldaşıyla birgə həlak olub.

Türk tədqiqatçısı Atilla Oral, Nuri Paşanın həyatı haqqında 928 səhifəlik “Nuri Killigil” kitabını yazıb. Azərbaycan dilinə tərcümə edilən kitabın 28 may Cümhuriyyət bayramı ərəfəsində nəşr edilməsi planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR