Frenk Lempard: “Qarabağ”la oyun növbəti mərhələnin açarıdı”

Frenk Lempard: “Qarabağ”la oyun növbəti mərhələnin açarıdı”
# 21 noyabr 2017 12:59 (UTC +04:00)

“Konte güclü mütəxəssisdi. Futbolda baş məşqçi öz avtoritetini ortaya qoyur və bu da doğru addımdı”. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, bu fikirlər “Çelsi”nin əfsanəvi futbolçusu Frenk Lemparda məxsusdu.

Ötən il karyerasını başa vuraraq məşqçiliyə başlayan və “Çelsi”nin aşağı yaş qrupunda çalışan Lempard komandada baş verən qalmaqalla bağlı köşə yazıb.

O, məqaləsində “zadəganlar”ın baş məşqçisi Antonio Konte ilə müdafiəçisi David Luiz arasındakı mübahisəyə toxunub. 39 yaşlı mütəxəssis bu məsələnin şişirdildiyini düşünür: “Paltardəyişmə otağında mübahisə yaşanıbsa, bu, dünyanın ən pis hərəkəti deyil. Təbii ki, belə halların mətbuata sızdırılmaması önəmlidi. Əks təqdirdə problemə çevrilir. Belə vəziyyətdə ən doğru qərarı baş məşqçi verir. Mən seçimin yalnız meydandakı oyuna görə edildiyini düşünmürəm. Luizin oyun səviyyəsi dramatik şəkildə aşağı düşməmişdi. Sadəcə, Konte onsuz da uğur qazana bildiklərinin mesajını verib”.

Lempardın fikrincə, sabiq komanda yoldaşı David Luiz yenidən London təmsilçisinin liderlərindən birinə çevriləcək: “David ağır məşqlər edərək, yenidən komandaya qoşulub. O, fantastik futbolçudu. Bu üzdən də geri dönəcək və komandada baş rol ifaçılarından biri kimi kuboklar qazanacaq. Başını aşağı salıb, yalnız məşq etməklə məşğuldu. Mətbuata da bu barədə danışmır. Luiz Çempionlar Liqasında “Qarabağ”a qarşı və ya ondan sonrakı matçların birində meydana çıxa bilər. Hələ də düşünürəm ki, onun böyük gələcəyi var. Xarakterli futbolçudu və paltardəyişmə otağında mühüm rol oynayır. Sıx təqvim olduğundan, “Çelsi” istənilən halda Luizə ehtiyac duyacaq. Futbolçular axmaq deyillər, baş məşqçi də bossdu. Ancaq baş verən hadisə evin içində qalmalıdı”.

İngiltərə millisinin sabiq üzvü sabah Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Çelsi” matçına da münasibət bildirib. O, komandasının Bakı Olimpiya Stadionundakı görüşdən qalib ayrılmaqdan başqa yolunun olmadığını vurğulayıb: “Çelsi” David Luizsiz, xüsusən də, “Mançester Yunayted”lə oyunu əla keçirdi. İndi bu formada oynamaqda davam etməlidilər. “Qarabağ”la oyun növbəti mərhələnin açarıdı. Komanda Bakıda mütləq qalib gəlməlidi. Çünki heç kim taleyini “Atletiko” ilə son tur matçına saxlamaq istəməz. “Çelsi” işi Bakıda bitirmək məcburiyyətindədi”.

Qeyd edək ki, Frenk Lempard 2001-2014-cü illərdə “Çelsi”nin heyətində 648 oyun keçirib, 211 qola imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR