"RecExpo II" sərgisində doqquz ölkə iştirak edəcək

"RecExpo II" sərgisində doqquz ölkə iştirak edəcək
# 14 noyabr 2016 08:31 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi, "ElanExpo" və "Atılım Fuarcılık" şirkətlərinin birgə təşkilatçılığı ilə 22-24 noyabr tarixində Bakı Ekspo Mərkəzində baş tutacaq "RecExpo II" - Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi beynəlxalq inşaat, daşınmaz əmlak və investisiya şirkətlərinə layihələrini nümayiş etdirmək üçün çox əhəmiyyətli bir platformadır. "APA-Economics" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransda Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının rəhbəri Azər Bəşirov bildirib.

Komitə rəsmisi qeyd edib ki, sərgidə Azərbaycan, Tükiyə, BƏƏ, Ukrayna, İspaniya, Portuqaliya, Macarıstan, Lüksemburq və Şimali Kipr Türk Respublikası kimi 9 müxtəlif ölkədən onlarla əmlak, tikinti və investisiya şirkətlərinin iştirakı gözlənilir: "Bu mühüm və böyük tədbir həm yerli, həm də beynəlxalq müstəvidə tikinti sektoruna aid nəhəng şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələri, əmlak sektoru üzrə investorları Azərbaycanda professional bir məkanda toplayacaq".

Sərgi çərçivəsində 23 noyabrda "Daşınmaz əmlak sektorunda investisiyalar" mövzusunda böyük konfransın keçirilməsi də nəzərdə tutulub.

"RecExpo II", Daşınmaz Əmlak və İnvestisiya Sərgisi, mövzusuna və təyinatına görə Azərbaycanda yeganə ixtisaslaşmış daşınmaz əmlak sərgisidir. Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsidir. Eyni zamanda, özəlləşdirilmiş müəssisələrə investisiya yatırımları sayəsində onların fəaliyyətini tam potensialı ilə bərpa etməsi və gələcəkdə yeni iş yerlərinin yaradılmasına nail olunmasıdır. Sərgi bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərini və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.

Mətbuat konfransında sərginin Azərbaycanda son illər daşınmaz əmlak və torpaq idarəçiliyi, dövlət mülkiyyətinin özəlləşdirilməsi sahəsində aparılan islahatlar baxımından da mühüm əhəmiyyəti vurğulanıb. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Sərgidə yaradılacaq pavilyonda dövlət əmlakının özəlləşdirilməsi, torpaqların vahid elektron kadastr uçotu, müasir informasiya-kommunikasiya texnologiyaları sayəsində əmlak, ünvan, torpaq reyestri sahəsində yaradılmış sistemlər, elektron xidmətlər, proqram təminatları və digər yeniliklər nümayiş olunacaq. Qeyd olunub ki, Sərgidə iştirak edən yerli və xarici təmsilçilər özəlləşdirmə prosesi, yaradılmış investisiya mühiti, torpaqların elektron uçotu və vahid dövlət kadastrı, daşınmaz əmlakın dövlət reyestri sahəsində innovasiyalar, əmlak xidmətləri üzrə elektron və onlayn imkanlar, ünvan-naviqasiya sistemi və digər iri layihələr barədə əyani məlumat almış olacaqlar.

Konfransda sərginin digər təşkilatçıları olan “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin nümayəndələri bildiriblər ki, iştirakçı siyahısına daşınmaz əmlak sektorunun inkişafında mühüm rolu olan yerli və xarici şirkətlər, banklar, iri investorlar, səfirliklər və daşınmaz əmlak satışını həyata keçirən firmaların nümayəndələri daxildir. Sərgi həmçinin görüş, əməkdaşlıq və işbirliyi baxımından yerli və xarici şirkətlərə, dövlət və qeyri-dövlət subyektlərinə əlverişli imkanlar yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR