Azərbaycanın baş konsulu Dubay Beynəlxalq Hava Limanları Təhlükəsizliyinin Əməliyyat İdarəsinin rəisi ilə görüşüb

Azərbaycanın baş konsulu Dubay Beynəlxalq Hava Limanları Təhlükəsizliyinin Əməliyyat İdarəsinin rəisi ilə görüşüb
# 23 yanvar 2017 13:43 (UTC +04:00)

Bu gün Azərbaycanın Dubay və Şimal Əmirliklərindəki baş konsulu Pərviz İsmayılzadə Dubay Beynəlxalq Hava Limanları Təhlükəsizliyinin Əməliyyat İdarəsinin rəisi, general Məhəmməd Əhməd bin Deylan Əl Məzrui ilə görüş keçirib.

Konsulluqdan APA-ya verilən məlumata görə, baş konsul turizm səfərləri və işgüzar əlaqələri təşviq etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına 2015-i il noyabrın 10-dan etibarən Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinin təmin edildiyini həmsöhbətinin diqqətinə çatdırıb. O, məhz bu tarixdən etibarən, BƏƏ turistlərinin sayında əsaslı artımın qeydə alındığını və Dubay şəhərinin də azərbaycanlı turistlərin ən sevimli istirahət yerlərindən biri olduğunu qeyd edib. Baş konsul Dubay şəhərinin təhlükəsizlik baxımından ən stabil turizm mərkəzlərindən biri olduğunu, Dubay beynəlxalq hava limanının göstərdiyi yüksək səviyyəli təhlükəsizlik, sürətli keçid, smart qapılar sayəsində təqribən 15 saniyə ərzində keçidin başa çatdığını, yeni yaradılmış əməliyyat otağında daha keyfiyyətli və sürətli xidmət göstərilməsinə gətirib çıxaran sərnişinlərin pasportlarının öncədən yoxlanılması xidmətlərinin də müsbət təsir edən amillər olduğunu əlavə edib.

Məhəmməd Əl Məzrui BƏƏ-yə səfər edən Azərbaycan vətəndaşları ilə bağlı əməliyyat mərkəzinə heç bir narazılıq və şikayət daxil olmadığını, azərbaycanlı turistlər daxil olmaqla digər turistlər üçün də ən yüksək səviyyədə xidmət göstərməyə çalışdıqlarını bildirib. General dinamik inkişaf edən Azərbaycanın əsrarəngiz, gözəl təbiətə malik bir ölkə olduğundan xəbərdar olduğunu qeyd edib: “Regionun lider dövləti olan Azərbaycanın həmçinin, sabitlik diyarı olması BƏƏ vətəndaşlarının turist olaraq ölkənizə çoxsaylı səfərlər etməsinə gətirib çıxarır”.

Əl Məzrui Azərbaycanın BƏƏ vətəndaşlarının artıq ən sevimli turizm ünvanlarından birinə çevrildiyini bildirib.

Görüş zamanı baş konsul Azərbaycanın bütün beynəlxalq hava limanlarında ən son texniki yeniliklərin tətbiq edildiyini, bunun da öz növbəsində sərnişinlərə göstərilən xidmətə və təhlükəsizlik səviyyəsinə bilavasitə təsir edən əhəmiyyətli amil olduğunu vurğulayıb. P. İsmayılzadə fasiləsiz inkişafı prioritet götürən Azərbaycan və Dubay hava limanı təhlükəsizlik xidmətlərinin gələcəkdə ən son texniki yeniliklərə dair fikir və təcrübə mübadiləsi aparmasını təklif olaraq irəli sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR