Şəkidə 940 hektar torpaq sahəsi zəbt olunub

Şəkidə 940 hektar torpaq sahəsi zəbt olunub
# 04 oktyabr 2017 10:16 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən "Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı" layihəsi çərçivəsində Şəki rayonunda aparılan işlərin nəticələrinin təhlili zamanı müəyyən edilib ki, rayonun kənd təsərrüfatı təyinatlı, meşə, su və ehtiyat fondu torpaqlarının istifadəçiliyində bir sıra hallarda torpaq qanunvericiliyinin tələblərinin pozulması halları mövcuddur.


"APA-Economics" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.


Belə ki, qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri ayrılmadan ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən dövlət mülkiyyətinə aid torpaqlardan uzun illərdən bəri fərdi sahibkarlıq fəaliyyəti, fərdi yaşayış yerlərinin tikintisi, həyətyanı və kənd təsərrüfatı məqsədləri üçün istifadə edilir. Bu kimi hallara rayonun Aydınbulaq, Baltalı, Bideyiz, Cumakənd, Çayqaraqoyunlu, Kiş və Oxud kəndlərinin ərazisindəki kənd təsərrüfatı təyinatlı 170,22 hektar torpaq sahəsinin 429 şəxs tərəfindən (bundan 178 hal fərdi yaşayış evlərinin və 8 hal sahibkarlıq obyektlərinin tikintisi ilə bağlı), Göybulaq və Şəkikənd yaşayış məntəqələrinin yaxınlığındakı dövlət ehtiyat fonduna aid 176,54 hektar torpaq sahəsinin 68 şəxs tərəfindən (bundan 46 hal fərdi yaşayış evlərinin tikintisi ilə bağlı), Aşağı Şabalıd, Bideyiz, Cunud, Oxud, Aşağı Layskı, Baş Küngüt, Baş Layıskı, Cəyirli və Qoxmuq yaşayış məntəqələrinin qonşuluğunda yerləşən dövlət meşə fonduna aid 296,6 hektar torpaq sahəsinin 652 şəxs tərəfindən (bundan 148 hal tikili aparılması ilə bağlı) istifadəçiliyini və rayonun Şorsu, Cumakənd, Baş Göynük və Qudula yaşayış məntəqələrinin ərazi hüdudları daxilində, habelə qonşuluqda yerləşən su fondu sahəsinin 48 şəxs tərəfindən (bundan 15 hal tikili aparılması ilə bağlı) istifadəçiliyini misal göstərmək olar və beləliklə də ümumilikdə 940 hektar torpaq sahəsi üzrə 1197 zəbtolunma hallarının mövcud olduğu müəyyən olunub, o cümlədən:

• Kənd təsərrüfatı təyinatlı torpaqlarda aşkar edilmiş zəbtolunma halı 429 (170 ha);

• Meşə fondu torpağında aşkar edilmiş zəbtolunma halı 652 (297 ha);

• Dövlət ehtiyat fondunda aşkar edilmiş zəbtolunma halları 68 (176 ha);

• Su fondunda aşkar edilmiş zəbtolunma halları 48 ədəd (297 ha).

Bununla əlaqədar Şəki rayonunda dövlət mülkiyyətinə aid torpaqların məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq səmərəli şəkildə istifadəçiliyinin təmin edilməsi, habelə yuxarıda qeyd olunan layihə çərçivəsində rayonda aparılmış kadastr işləri nəticəsində aşkar olunmuş torpaq qanunvericiliyinin tələblərinin pozulması hallarının aradan qaldırılması və həmin torpaqların hüquqi rejiminin müəyyən edilməsi barədə aidiyyəti yerli və mərkəzi icra hakimiyyəti orqanlarına göstəriş verilməsi barədə Nazirlər Kabinetinə 2017-ci il 27 fevral tarixli məktubla müraciət olunub.

Qeyd olunan müraciətlə bağlı Nazirlər Kabineti tərəfindən aidiyyəti yerli və mərkəzi icra hakimiyyəti orqanlarına 2017-ci il 28 fevral tarixli 995 nömrəli göstəriş ünvanlanıb. Eyni zamanda, ölkə ərazisində aparılan torpaqların elektron kadastr uçotu işləri sona çatdırıldıqca torpaqların elektron kadastr uçotunun məlumatlarından istifadə olunmaqla ayrı-ayrı inzibati ərazi vahidləri üzrə istifadəsiz saxlanılan kənd təsərrüfatına yararlı torpaq sahələrinin yeri və ölçüsünün müəyyən edilməsi, həmin torpaqların istifadəsiz saxlanılmasına səbəb olan subyektiv amilləri müəyyən edib, onların aradan qaldırılması istiqamətində aidiyyəti üzrə məsələlərin qaldırılması təmin ediləcək.

"Kənd təsərrüfatına yararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısını almaq üçün müvafiq mexanizmlərin tətbiqi" tədbirinin icrası üçün Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi ilə yaradılmış işçi qrupun 2017-ci il üçün iş proqramının müzakirəsi məqsədilə 2017-ci il 4 iyul tarixində Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyində hesabat toplantısı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR