Azərbaycanın 2017-cil il üzrə dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi başlayıb - YENİLƏNİB

Azərbaycanın 2017-cil il üzrə dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi başlayıb - <span style="color: red;">YENİLƏNİB
# 30 noyabr 2016 08:19 (UTC +04:00)

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirə edilir.

"APA-Economics"in məlumatına görə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycan dünyanın bir parçası olduğundan baş verən qlobal proseslər, hadisələr ölkəmizin iqtisadiyyatına da təsir edib: "Son illərdə dünyada neftin qiymətinin aşağı olması bir çox ölkədə olduğu kimi, Azərbaycana da təsir edib, gəlirlərimizin azalmasına səbəb olub. Uzun illər aparılan düşünülmüş siyasət bu təsirlərin minimuma enməsinə səbəb olub. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, iqtisadi islahatların dərinləşməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Bu il obyektiv səbəblərdən gələn ilin dövlət büdcəsi Milli Məclisə gec daxil olub. Buna baxmayaraq, qeyd etməliyəm ki, büdcə zərfinə daxil olan sənədlərdə reallıqları və gələcək üçün ehtiyatlar nəzərə alınıb”.

Daha sonra maliyyə naziri Samir Şərifov bildirib ki, 2017-ci ilin dövlət büdcəsi layihəsi hazırlanarkən 2017-2020-ci illərdə makroiqtisadi proqnozlar və qlobal iqtisadi proseslər nəzərə alınıb. S. Şərifov 2017-ci ilin dövlət büdcəsində sosialyönümlü tədbirlərin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclərin prioritet olaraq qaldığını bəyan edib.

Nazir deyib ki, 2017-ci il və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən, 2017-ci ildə ölkədə ÜDM-in real iqtisadi artımı 1% olmaqla 61,4 mlrd. manat təşkil edəcək. 2018-2020-ci illər ərzində artım tendensiyasının davam edəcəyi və 2020-ci ildə ÜDM-nin real artım tempinin 2,4% olacağı proqnozlaşdırılır.

Qeyri-neft sektorunda ÜDM-nin real ifadədə 2,5% artaraq 41,7 mlrd. manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 82,7% həcmində nəzərdə tutulur.

2017-ci ildə sahə strukturuna görə ümumi daxili məhsulun 4 mlrd. manatı və ya 6,4%-i kənd, meşə və balıqçılıq təsərrüfatının, 22,2 mlrd. manatı və ya 36,2%-i sənayenin, 6,1 mlrd. manatı və ya 10%-i tikintinin, 24,3 mlrd. manatı və ya 39,6%-i xidmətlərin istehsalının, 4,8 mlrd. manatı və ya 7,8%-i məhsula və idxala xalis vergilərin payına düşəcək.

2017-ci il dövlət büdcəsinin gəlirləri 15 mlrd. 955 mln. manat, xərcləri 16 mlrd. 600 mln. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 334 mln. 706,0 min manat, yerli gəlirləri 620 mln. 294,0 min manat, mərkəzləşdirilmiş xərcləri 15 mlrd. 911 mln. 286,0 min manat, yerli xərcləri 688 mln. 714 min manat) məbləğində proqnozlaşdırılıb.

Dövlət və icmal büdcələrin gəlirlərinin hazırlanmasında makroiqtisadi proqnozlara uyğun olaraq hesablamalar aparılıb. Qeyd olunanlar nəzərə alınaraq, dövlət büdcəsinin gəlirləri 15955,0 mln. manat proqnozlaşdırılıb ki, bu da ÜDM-nin 26%-i həcmində olmaqla, 2016-cı ilin proqnozu ilə müqayisədə 867,0 mln. manat və yaxud 5,2% azdır.

Neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi 49,2% və ya 7855,0 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1370,0 mln. manat və ya 14,9% azdır. Neft sektoru üzrə büdcə gəlirlərinin 77,7%-i və ya 6100,0 mln. manatı ARDNF-dən transfertlər (cari ilin proqnozu ilə müqayisədə 1515,0 mln. manat yaxud 19,9% az), 22,3%-i və ya 1755,0 mln. manatı isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar (cari ilin proqnozu ilə müqayisədə 145,0 mln. manat və ya 9,0% çox) təşkil edir. Vergi orqanlarının xətti ilə neft sektoru üzrə daxilolmalarda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) üzrə büdcə ödənişləri 1280,0 mln. manat və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) üzrə mənfəət vergisi 475,0 mln. manat nəzərdə tutulur ki, bu da vergi orqanları tərəfindən neft sektoru üzrə daxilolmaların müvafiq olaraq 72,9 və 27,1%-ni təşkil etməklə cari ilin proqnozu ilə müqayisədə müvafiq olaraq 40,0 mln. manat və 105,0 mln. manat çoxdur. Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi 50,8% və ya 8100,0 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 503,0 mln. manat və ya 6,6% , 2015-ci ilin faktı ilə müqayisədə isə 821,9 mln. manat və ya 11,3% çoxdur. Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin 67,3%-i və ya 5455,0 mln. manatı vergi orqanlarının xətti ilə qeyri-neft sektorundan daxilolmalar, 27,2%-i və ya 2200,0 mln. manatı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən daxilolmalar, 5,5%-i və ya 445,0 mln. manatını isə digər gəlirlər təşkil edir. 2016-cı ilin proqnozu ilə müqayisədə vergi orqanlarının xətti ilə qeyri-neft sektorundan daxilolmalar 55,0 mln. manat yaxud 1,0%, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən daxilolmalar 390,0 mln. manat yaxud 21,5%, digər gəlirlər isə 58,0 mln. manat yaxud 15,0% çoxdur.

2017-ci ildə dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7210,0 mln. manatı Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 6100,0 mln. manatı ARDNF-dən transfertlərin, 2200,0 mln. manatı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 445,0 mln. manatı isə digər gəlirlərin payına düşür.

Azərbaycan Respublikasının 2017-ci il icmal büdcəsinin gəlirləri 19720,7 mln. manat və ya əvvəlki ilə nisbətən 5559,9 mln. manat (39,3%) çox, xərcləri 20967,2 mln. manat və ya əvvəlki ilə nisbətən 3599,4 mln. manat (14,7%) az nəzərdə tutulub.

İcmal büdcənin tərkib hissəsi olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri 3400,0 mln. manat proqnozlaşdırılır. Fondun xərclərinin 37,4%-i və ya 1270,0 mln. manatı dövlət büdcəsindən birbaşa transfert, 62,6%-i və ya 2130,0 mln. manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına örtüləcək.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsinin gəlirləri 8370,6 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı illə müqayisədə 4889,1 mln. manat və ya 2,4 dəfə çoxdur. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsinin xərcləri 6951,3 mln. manat təşkil edəcəkdir ki, bu da 2016-cı illə müqayisədə 3685,0 mln. manat və ya 34,6% azdır. Fondun xərclərinin 6100,0 mln. manatı və ya 87,8%-i dövlət büdcəsinə nəzərdə tutulan transfertə, 822,0 mln. manatı və ya 11,8%-i bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsinə (qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlər, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu, CQD-i layihələrində Azərbaycan Respublikasının iştirak payı), 29,3 mln. manatı və ya 0,4%-i “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramları"nın maliyyələşdirilməsinə yönəldiləcək. Ortamüddətli büdcə proqnozlarına əsasən 2017 və 2018-ci illərdə icmal büdcəsinin kəsri azalacaq, 2019-cu ildən etibarən isə profisitli büdcə olacaq. Ortamüddətli büdcə proqnozlarına əsasən dövlət və icmal büdcənin neft gəlirlərindən asılılığının azaldılması siyasəti davam etdiriləcək. Belə ki, 2017-ci il və sonrakı 3 il üçün hazırlanmış proqnozlara əsasən 2020-ci ildən başlayaraq dövlət büdcəsinin cari xərclərinin qeyri-neft gəlirləri hesabına ödənilməsi hədəflənir. Həmçinin, 2020-ci ildə ARDNF-nin gəlirləri nəzərə alınmadan hesablanmış icmal büdcə kəsirinin ÜDM-nin cəmi 6,9%-ni təşkil edəcəyi proqnozlaşdırılır.

2017-ci il dövlət büdcəsinin xərcləri 16600,0 mln. manat proqnozlaşdırılır ki, bu da 2016-cı illə müqayisədə 1895,0 mln. manat və ya 10,2% az deməkdir. 2017-ci il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 58,7%-i həcmində və ya 9745,2 mln. manat (əvvəlki ilə nisbətən 2360,4 mln. manat və ya 19,5 % az), əsaslı xərclərə ümumi xərclərin 31,4%-i həcmində və ya 5213,0 mln. manat manat (əvvəlki ilə nisbətən 598,7 mln. manat və ya 13,0% çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 9,9%-i həcmində və ya 1641,8 mln. manat manat (əvvəlki ilə nisbətən 133,3 mln. manat və ya 7,5% az) vəsait yönəldiləcək. İqtisadi təsnifata uyğun olaraq, 2017-ci il dövlət büdcəsində əməyin ödənişinə 4077,0 mln. manat və ya xərclərin 24,6%-i həcmində, malların (işlərin və xidmətlərin) satın alınmasına 3123,5 mln. manat və ya xərclərin 18,8%- həcmində, faizlər üzrə ödənişlərə 408,4 mln. manat və ya xərclərin 2,5%-i həcmində, subsidiyalar və cari transfertlərə 704,5 mln. manat və ya xərclərin 4,2%-i həcmində, qrantlar və digər ödənişlərə 75,6 mln. manat və ya xərclərin 0,5%- həcmində, təqaüdlər və sosial müavinətlərə 2067,8 mln. manat və ya xərclərin 12,5%-i həcmində, digər xərclərə 1259,7 mln. manat və ya xərclərin 7,6% həcmində, qeyri-maliyyə aktivlərin alınmasına 3603,3 mln. manat və ya xərclərin 21,7%-i həcmində, maliyyə aktivləri üzrə əməliyyatlara 52,0 mln. manat və ya xərclərin 0,3%-i həcmində, öhdəliklər üzrə maliyyə əməliyyatlarına 1228,2 mln. manat və ya xərclərin 7,4%-i həcmində vəsait nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR