Rusiya MN "Reuters"in Suriyada ölən rus hərbçilərinin sayı ilə bağlı məlumatını təkzib edib

Rusiya MN "Reuters"in Suriyada ölən rus hərbçilərinin sayı ilə bağlı məlumatını təkzib edib
# 02 avqust 2017 13:39 (UTC +04:00)

Rusiya Müdafiə Nazirliyi (MN) "Reuters" agentliyinin Suriyada həlak olan rus hərbçilərinin sayı ilə bağlı məlumatını təkzib edib.

Rusiya MN-dən APA-nın Moskva müxbirinə verilən məlumata görə, nazirliyin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumatın yalan olduğunu söyləyib.

"Reuters" ilk dəfə deyil ki, Rusiyanın Suriyadakı əməliyyatlarını müxtəlif üsullarla təhrif edir. "Gizli itkilər" barədə məqalə də bu baxımdan istisna deyil. Yenə də mənbə kimi hansısa dedi-qodu, sosial şəbəkə məlumatları, həlak olanların anonim qohumları və tanışları kimi uydurma söhbətlərdən istifadə olunub”, - deyə Rusiya MN sözçüsü bildirib.

Konaşenkov nazirliyə bu məqalənin kim tərəfindən sifariş edildiyinin məlum olduğunu vurğulayıb: "Ona görə də, “Reuters"in rus redaksiyası üçün xüsusi olaraq izah veririk. Suriyada həlak olan Rusiya hərbçilərinin heç bir gizli qəbiristanlığı olmayıb. Suriyada guya terrorçuluqla mübarizə aparan britaniyalı hərbçilərdən fərqli olaraq rusiyalı hərbçilər həyatlarını təhlükəyə atıblar. Ona görə də, "Reuters"in Suriyada rusiyalı hərbçilərin həlak olması ilə bağlı istehzası bizdə ancaq nifrət oyada bilər".

Qeyd edək ki, "Reuters"də Suriyada həlak olan Rusiya hərbçilərinin sayının artması ilə bağlı məqalə dərc olunub. Həmin məqalədə Suriyada bu il 40 rusiyalı hərbçinin həlak olduğu bildirilir. Qeyd olunur ki, onlardan 21 nəfər hərbi mütəxəssis, 17 nəfər hərbçi olub. İki nəfərin statusu isə hələlik müəyyənləşməyib. Rəsmi məlumatlara görə isə 2017-ci il başlayandan Suriyada 10 rusiyalı hərbçi ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR