Hikmət Babaoğlu: “Azərbaycanda bütün demokratik azadlıqlar təmin edilib”

Hikmət Babaoğlu: “Azərbaycanda bütün demokratik azadlıqlar təmin edilib”
# 06 aprel 2018 16:30 (UTC +04:00)

“Azərbaycanda bütün demokratik azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı təmin edilib”.

Bunu APA-ya açıqlamasında Azərbaycan pörezidenti cənab İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində söylədiyi fikirlərə münasibət bildirən millət vəkili Hikmət Babaoğlu deyib.

H. Babaoğlu bildirib ki, prezident İlham Əliyev ölkədə demokratiyanın mövcudluğunu bu məsələnin daima hakimiyyətin fəaliyyətinin diqqət mərkəzində olması və ardıcıl olaraq məqsədyönlü siyasi islahatların həyata keçirilməsi ilə izah edib: “Bu prosesdə Azərbaycanın Avropa Şurasının təcrübəli üzvü kimi insan hüquqları və azadlıqları üzrə ixtisaslaşmış bu təşkilatla faydalı əməkdaşlığını önə çəkən dövlət başçısı cəmiyyətimizin daha da demokratikləşməsi üçün qarşılıqlı əməkdaşlığın fayda verdiyini söyləyib. Bütövlükdə isə Azərbaycanda demokratik ənənələrin hələ 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsasının qoyulduğunu bildirən ölkə başçısı müasir Azərbaycanı AXC-nin varisi kimi qiymətləndirib, o ənənələrin bu gün də yaşadığını bildirib. Milli dövlətçilik tariximizə kompleks yanaşan prezident ümumilikdə Azərbaycanda milli demokratik mühitin və dövlətçilik yaddaşının əsas komponentlərində biri kimi məhz demokratik düşüncənin müəyyənləşməsinin siyasi mədəniyyətimizdə ciddi köklərinin olması ilə izah edib. Göründüyü kimi, məhz bu cür demokratik ənənədən gələn ictimai şüurun yeni mərhələdə azad, multikultural, tolerant cəmiyyət qurmağa hazır olması siyasi mədəniyyətimizin ən əsas səciyyəvi xüsusiyyətlərindən biri kimi çıxış edib. Ona görə də demokratik cəmiyyətin qurulması xaricdən demokratiya idxalından daha çox Azərbaycan cəmiyyətinin daxili ictimai-siyasi münasibətlərinin tələbatı kimi ortaya çıxıb. Bu, milli demokratiya modelidir və asanlıqla manipulyasiya edilə bilmir. Bu isə demokratik cəmiyyətimizə əlavə müsbət keyfiyyət gətirir. Demokratik ənənəsi tarixən olmayan cəmiyyətlərdə isə “diqtə edilən demokratiya”, bəzi hallarda dağıdıcı silaha çevrilir. Milli demokratiyamızın tarixinin 100 il bundan öncə başladığına diqqət çəkən prezident məhz bu məsələlərə vurğu etməklə ölkəmizdə demokratik cəmiyyətin, açıq cəmiyyətin ciddi əsaslarının olduğunu bildirib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR