Azərbaycan və İtaliya prezidentləri Sumqayıtda zavod açılışında iştirak ediblər

Azərbaycan və İtaliya prezidentləri Sumqayıtda zavod açılışında iştirak ediblər
# 18 iyul 2018 12:59 (UTC +04:00)

Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya prezidenti Sercio Mattarella açılış mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev və prezident Sercio Mattarella tədbirdə çıxış ediblər.

Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Maire Tecnimont” şirkətinin prezidenti Fabrizio di Amato çıxış ediblər.

Azərbaycan prezidenti İlham Əliyev və İtaliya prezidenti Sercio Mattarella polipropilen zavodunu işə salıblar.

Azərbaycan və İtaliya prezidentlərinə zavod haqqında məlumat verilib. Bildirilib ki, “SOCAR Polymer” layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir.

Hazırda ölkəmiz aşağısıxlıqlı polietileni ixrac, yüksəksıxlıqlı polietileni isə idxal edir. Layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır.

“SOCAR Polymer” zavodları ildə 19 növ olmaqla 184 min ton polipropilen və 12 növ olmaqla 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək.

Polipropilen qablaşdırma materialları, tekstil, dəftərxana ləvazimatı, avtomobil hissələri, elektron və elektrik cihazları və başqa bu kimi sektorlarda geniş çeşidli istehlak mallarının və dəstləşdirmə hissələrinin istehsalında istifadə olunan əsas ilkin materialdır. Polipropilen ticarət həcminə görə də ən vacib plastik məhsullardan sayılır. “Ekoloji cəhətdən təmiz” plastik adlandırılan polipropilen qida məhsullarının qablaşdırılması və tibb sənayesinə aid bütün sahələrdə istifadə oluna bilər.

Zavodların istismar dövründə 6,3 milyard dollar məbləğində gəlir proqnozlaşdırılır ki, bunun 30 faizi şirkətin xalis mənfəəti olacaq. Bu, həmçinin ölkənin ümumi daxili məhsulunun artmasına da kömək edəcək. İlkin qiymətləndirmələrə görə, “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 19 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmini isə 15 faiz artıracaq. İstismar müddətində zavodda 500 nəfər daimi iş yeri ilə təmin olunacaq.

Dövlət başçıları müəssisənin məhsullarına baxıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR