Zərərçəkən: “Akif Çovdarovun işçisi mənə dedi ki, neçə ildir pul qazanırsız, Eldar Mahmudova pay vermirsiniz” - YENİLƏNİB

Zərərçəkən: “Akif Çovdarovun işçisi mənə dedi ki, neçə ildir pul qazanırsız, Eldar Mahmudova pay vermirsiniz” - <span style="color: red;">YENİLƏNİB
# 30 noyabr 2016 14:42 (UTC +04:00)

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik ilə jurnalistlərin iştirakı olmadan keçirilən prosesdə zərərçəkmiş şəxs qismində “Met-ak şirkətinin təsisçisi Alik Kərimov ifadə verib.


Akif Çovdarov özünü pis hiss etdiyini deyib. Buna görə prosesdə fasilə elan olunub.

Fasilədən sonra zərərçəkmiş kimi tanınan "Riyad Prodakşn” şirkətinin rəhbəri Şahmar Qurbanovun epizodu üzrə şahid qismində ləğv edilən MTN-in sabiq əməkdaşı, hazırda təqaüddə olan İsgəndər Hüseynovun həyat yoldaşı Xədicəxanım Hüseynova ifadə verib. O, istintaqa verdiyi ifadəni təsdiq edib. O, həyat yoldaşının günahı olmadığını, Şahmar Qurbanovun çox adama borcu olduğunu bildirib.

“Met-ak” şirkətinin təsisçisinin oğlu, şirkətin direktoru Aydın Kərimov da prosesdə ifadə verib. O, təqsirləndirilən Akif Əliyevə qarşı hər hansı tələblərinin olmadığını deyib.

Vəkil Kamandar Nəsibov deyib ki, A. Çovdarovun vəziyyəti çox pisdir, şəkəri qalxıb.

Proses dekabrın 5-də davam etdiriləcək.

***

13:36

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi proses jurnalistlərin iştirakı olmadan keçirilir.

Prosesdə “Met-ak” şirkətindən zərərçəkmiş şəxs, “Met-ak” şirkətinin maliyyə işləri üzrə direktoru Zülfüqarov Fuad Zülfüqar oğlu ifadə verib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib, ifadəni təkrarlayıb.

F.Zülfüqarov istintaqa ifadəsində deyib ki, şirkəti onun dayısı Alik Kərimov 1997-ci ildə təsis edib. 2012-ci ildən isə şirkətin icraçı direktoru dayısı oğlu Aydın Kərimovdur. F. Zülfüqarov qeyd edib ki, şirkət açılandan dayısının yanında işləyib, sonradan maliyyə işləri üzrə direktor olub.


Zərərçəkən bildirib ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi Akif Əliyev ona mütəmadi olaraq zəng vurub nazirliyə çağırıb: “O hər dəfə bəzi maliyyə məsələlərini aydınlaşdırmaq lazımdır, deyirdi”.

F.Zülfüqarov bu barədə dayısına xəbər verdiyini, onun razılığını alandan sonra fevralın əvvəllərində səhər tezdən MTN-ə getdiyini deyib.


Onu Akif Əliyevin işçilərindən biri qarşılayaraq MTN-in ikinci mərtəbəsinə aparıb. F.Zülfüqarov axşama qədər MTN-də saxlanılıb, bir neçə dəfə dindirilib, izahat verib: “Akif Əliyev mənə dedi ki, uzun illərdir, işləyirsiniz, pul qazanırsınız, ancaq nazirimizi indiyə qədər saymamısız. Bir dəfə də olsun, əldə etdiyiniz gəlirdən Eldar Mahmudova pay ayırmamısız. Sizin bütün maliyyə dövriyyəniz əlimizdədir. İşiniz ancaq pul qazanıb tək yeməkdir. 50 min manat verməlisiniz, əks halda sizə işləməyə imkan verməyəcəyik. Mənsə bildirdim ki, pulla bağlı qərarı ancaq dayım Alik verə bilər".

F.Zülfüqarov ertəsi gün şirkətin ofisində məsələni dayısına danışdığını, Alik Kərimovun “Met-ak” şirkətinin fəaliyyətində heç bir pozuntu olmadığı, ona görə də MTN-in onlara heç nə edə bilməyəcəyini dediyini bildirib. A. Kərimov istənilən halda problem yaranmaması üçün Akif Əliyevə 10 min manat verməyi təklif edib.

F.Zülfüqarov “Met-ak”ın kassasından 10 min manat götürüb, fevralın 11-də Akif Əliyevə zəng vuraraq onunla MTN-in binasının yaxınlığındakı “Sultan” kafesində görüşüb, pulu çatdırdığını, bundan sonra Akif Əliyevin onu narahat etmədiyini deyib.

Daha sonra zərərçəkmiş Şahmar Qurbanovun epizodu üzrə şahid İradə Vəliyeva ifadə verib. O qeyd edib ki, Ş. Qurbanov ondan 75 min manat pul alaraq MTN-ə verəcəyini deyib: "Sonra bu pulu hissə-hissə qaytardı".


Məhkəmədə fasilə elan olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR