Rusiyadakı diaspor təşkilatının fəaliyyətinin dayandırılacağı barədə məlumatlar Azərbaycanda etiraza səbəb olub - SORĞU

Rusiyadakı diaspor təşkilatının fəaliyyətinin dayandırılacağı barədə məlumatlar Azərbaycanda etiraza səbəb olub - <span style="color: red;">SORĞU
# 31 mart 2017 14:29 (UTC +04:00)

“Aprelin 11-də Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi məsələsinə baxacağı barədə yayılan məlumat ciddi narahatlıq doğurur”.

Bunu APA-ya açıqlamasında millət vəkili Elman Nəsirov bildirib.

E. Nəsirov deyib ki, Heydər Əliyevin təşəbbüsü və Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə yaradılmış azərbaycanlıların Rusiyada çox mühüm bir diaspor təşkilatının fəaliyyətinin dayandırılacağı barədə informasiyalar Azərbaycan ictimaiyyətini, ziyalıları olduqca narahat edir: “Məsələnin qəlizliyi ondadır ki, belə bir addım atılarsa, bu, Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin bütün mahiyyətinə daban-dabana zidd addım olar".

Deputat deyib ki, diaspor təşkilatının Rusiyada fəaliyyəti iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişafına xidmət göstərir.

Millət vəkili hesab edir ki, Rusiya-Azərbaycan münasibətlərinin yüksək inkişafı məntiqindən yanaşılsa, belə bir addımın atılması birmənalı şəkildə qəbuledilməzdir: “Deməli, burada kimlərinsə marağı var. Rusiya Ədliyyə Nazirliyində UAK-ın bağlanması məsələsinə aprelin 11-də baxılacağı gözlənilir. Aprel ayında isə ermənilər dünyada qondarma “soyqırım”ın tanıdılması istiqamətində səylərini artırır, türklərə və azərbaycanlılara müxtəlif istiqamətlərdə ziyan vurmağa, təzyiq göstərməyə çalışırlar. Bunun üçün müxtəlif üsul və vasitələrdən istifadə edirlər. Bu məsələnin aprel ayına təsadüf etməsi bu baxımdan təsadüfi görünmür. Bu, məqsədyönlü, planlı bir fəaliyyətin nəticəsidir. Bunun arxasında Rusiyadakı, eləcə də dünyada erməni lobbisi, o cümlədən Rusiyadakı anti-Azərbaycan siyasi dairələri dayanır".

E. Nəsirov Rusiya və Azərbaycan prezidentlərinin bu təşkilatın qurultaylarına hər dəfə təbrik məktubları göndərdiyini, UAK-ın fəaliyyətini dəstəklədiklərini də xatırladıb.

"Bunu daha çox Rusiyadakı, dünyadakı erməni lobbisinin adı ilə bağlamaq lazımdır. Təəssüf ki, Rusiyanın müəyyən siyasi dairələrində də Azərbaycanı sevməyən qüvvələr var və bu gün ermənilərlə birlikdə anti-Azərbaycan siyasəti həyata keçirmək istəyirlər" deyə E. Nəsirov bildirib.

E. Nəsirov Azərbaycan ictimaiyyətinin bu prosesləri qınadığını, buna öz etirazını bildirdiyini vurğulayıb: “Azərbaycan ictimaiyyəti hesab edir ki, heç bir halda Rusiyanın müvafiq hakimiyyət dairələri belə bir addımın atılmasına imkan verməyəcək. Çünki belə bir addımın atılması Azərbaycan-Rusiya münasibətlərinin zədələnməsində maraqlı qüvvələrin mənafeyinə xidmət göstərir".

Politoloq Qabil Hüseynli isə Rusiya Ədliyyə Nazirliyində UAK-ın fəaliyyətinin dayandırmasını müzakirəyə çıxarılmasını " gözlənilməz hadisə" adlandırıb: “Azərbaycanda rus icması azad fəaliyyət göstərir, cəmiyyətin sədri Milli Məclisə deputatıdır. Rusiyada da 2 milyon azərbaycanlı yaşayır. İndi Rusiyada yaşayan azərbaycanlıların maraqlarını qoruyan, sırf mədəni təşkilatı kimi fəaliyyət göstərən və qanunlardan kənara çıxmayan UAK-ın fəaliyyətinin dayandırılmasına çalışılması heç cür təqdir oluna bilməz".

Q. Hüseynli qeyd edib ki, belə bir addımın atılması Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurar.

Politoloq vurğulayıb ki, Azərbaycan həmişə iki ölkə arasında yaxın qonşuluq və bərabərhüquqlu münasibətlərin tərəfdarı olub: “Azərbaycan bu istiqamətdə digər postsovet məkanındakı ölkələrə nümunə ola biləcək davranış sərgiləyib. Məsələn, postsovet məkanında ölkələrin heç birində rus dilində təhsil olduğu orta və ali məktəblər yox səviyyəsindədir. Amma Azərbaycanda rusdilli məktəblərin hamısı fəaliyyət göstərir. Universitetlərimizin hamısında rusdilli bölümlər var. Azərbaycanda 140 minə qədər rus yaşayır. Tolerant, multukultural bir ölkə olan Azərbaycanda rusların maraqları hər yerdə təmin edilir və qorunur".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da UAK-ın vaxtilə prezident Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını, bu qurumun yaradılmasına Rusiya prezidenti Vladimir Putinin də dəstək verdiyini xatırladıb: " Qurumun rəhbərliyində Rusiyada tanınmış azərbaycanlılar, Azərbaycanla bağlı olan Rusiya vətəndaşları yer alıb. Azərbaycan dövləti UAK-ın fəaliyyətinə çox önəm verir, çünki Rusiyada erməni lobbisi də çox güclüdür. Erməni lobbisi hər zaman Azərbaycan əleyhinə çalışır. Bu məsələ ilə bağlı Azərbaycan hakimiyyəti Rusiya rəsmiləri ilə dialoqu fəallaşdırmalıdır. Azərbaycanın Rusiyadakı səfiri, rusların özünün böyük hörmətlə yanaşdığı Polad Bülbüloğlu da bu məsələni diqqətdə saxlamalıdır. Ona görə ki, həqiqətən UAK-ın fəaliyyətini dayandırmaq istəyirlərsə, bu, böyük qalmaqala səbəb olar”.

E. Şahinoğlu düşünmür ki, UAK-ın bağlanması ümumilikdə Rusiya hakimiyyətinin mövqeyidir: “Ola bilər ki, hakimiyyət daxilində erməni lobbisi ilə bağlı olan kimlərsə bu məsələni “öz yolu” ilə həll etməyə çalışır. Lakin bunun baş tutması Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir edər. Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı əsas tərəfdaşlarından biridir. İki ölkənin çox böyük ortaq layihələri, ticarət əməkdaşlığı var. Düzdür, Rusiya bölgədə Ermənistanı da dəstəkləyir, amma Rusiya Ermənistana silahı pulsuz verdiyi halda Azərbaycan Rusiyadan 4 milyard dollarlıq silah alıb. Bu, Rusiyanın hərbi sənaye kompleksi, büdcəsi üçün də önəmlidir".

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu martın əvvəlində bu ölkənin ədliyyə naziri Aleksandr Konovalovla görüşüb.

Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) prezidentinin müşaviri, təşkilatın Rəyasət Heyətinin üzvü Kamran Rüstəmov isə APA-ya bildirib ki, Ümumrusiya Azərbaycan Konqresinin ötən ilin dekabr ayında keçirilən qurultayında qəbul olunmuş yeni Nizamnaməsi təsdiqlənmək üçün Rusiya Ədliyyə Nazirliyinə göndərilib: " Onlar özləri təyin etdikləri müddətdə buna baxacaqlar. Biz bütün sənədləri təqdim etmişik. Onlar sənədlərdə müəyyən səhvlər tapdılar. Bunlar mexaniki səhvlərdir. Biz onların tövsiyəsi ilə həmin səhvləri düzəltdik, dəyişikliklər etdik, yenidən nazirliyə təqdim etdik. İndi onlardan cavab gözləyirik ".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR