Xədicə İsmayılovanın məhkəməsi davam etdirilib

Xədicə İsmayılovanın məhkəməsi davam etdirilib
# 13 avqust 2015 11:33 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə

“Azadlıq” radiosunun əməkdaşları Ülkər Quliyeva ifadə verib.

Radionun digər əməkdaşı Fərid Abdullayev prosesdə gələ bilmədiyinə görə, onun ibtidai istintaqa verdiyi ifadə elan olunub.

Prosesdə Xədicə İsmayılovanın müdafiəçiləri vəkil Adil İsmayılovun “Azadlıq” radiosunun nümayəndəsi kimi məhkəmədə ifadə verməsini, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Milli Televiziya və Radio Şurası nümayəndələrinin ifadələrinin alınmasını, zərərçəkən kimi tanınan Tural Mustafayevin “Azadlıq” radiosunun Bakı Bürosunun koordinatoru Babək Bəkirə işdən çıxmaq barədə ünvanladığı elektron məktubun sübutlar siyahısına salınması və digər vəsatətlər veriblər.

Məhkəmə vəsatətləri təmin etməyib.

Daha sonra Xədicə İsmayılova prosesin hər gün keçirilməsinə etiraz edib, ona vəkilləri ilə görüşə imkan yaradılmasını istəyib. Məhkəmə X. İsmayılovanın istəyini nəzərə alıb. Proses avqustun 14-dək təxirə salınıb.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Azadlıq Radiosu” və “Meydan" TV teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

T. Mustafayev Baş Prokurorluğa müraciət edərək, “Azadlıq Radiosu”nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini istəyib.

Səbail Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarı ilə X. İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə uzadılıb.

Daha sonra Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR