Natiq Kərimov və İnqilab Əhədovun məhkəməsinin vaxtı məlum olub

Natiq Kərimov və İnqilab Əhədovun məhkəməsinin vaxtı məlum olub
# 30 dekabr 2016 11:40 (UTC +04:00)

Nardaran sakini Natiq Kərimovun və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun barəsində olan cinayət işi icraata verilib.

APA-nın məlumatına görə, həmin şəxslərin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun icraatındadır. İş üzrə məhkəməmin hazırlıq iclası yanvarın 10-na təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyənləşib.

N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Ötən il yanvarın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda isə bildirilir ki, xarici ölkəyə casusluq edən Azərbaycan vətəndaşını həbs edib. Azərbaycan vətəndaşı Əhədov İnqilab Xəlil oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi və Azərbaycan dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən olunub.

Bununla əlaqədar İnqilab Əhədov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 27 yanvar 2016-cı il tarixdə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR