“Azərreyl” 3 legionerlə müqavilə bağlayıb

“Azərreyl” 3 legionerlə müqavilə bağlayıb
# 23 sentyabr 2016 08:04 (UTC +04:00)

Bakı – APA. “Azərreyl” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, yerli voleybolçuların transferini rəsmiləşdirən komanda artıq bir neçə əcnəbi ilə də danışıqları müsbət yekunlaşdırıb.

Belə ki, yeni mövsümdən amerikalı Marten Bettendorf, keniyalı Mersi Moim və serbiyalı Danitsa Radenkoviç Bakı klubunun uğurları üçün çalışacaq. Onların hər üçü ilə bir illik razılıq əldə edilib.

Bu “üçlük”də Radenkoviç rəqibləri ilə müqayisədə daha tanınmışdı. 24 yaşlı toppaylayıcı “Azərreyl”ə son mövsümdə oynadığı Polşa “Atom”undan gəlib.

185 sm boya malik Danitsa ölkəmizə gəlincə, öz ölkəsində “Tent” (2007/2009), “Klek” (2009/2010), “Spartak” (2010/2012), İtaliyada “Pyaçentsa” (2012/2013), Almaniyada “Şveriner” (2013/2014) və Polşada “Muşina” klublarının da şərəfini qoruyub.

Yığmasının aşağı yaş qruplarında uğur qazanan toppaylayıcı A seriyasının qalibi olub və İtaliya Superkubokunu da qazanıb. Həmçinin, Polşa və Serbiya çempionatlarında finalda oynayıb.

Keniya millisinin şərəfini qoruyan Moim hücumçudu. 27 yaşlı voleybolçunun karyerası ölkəsi və Finlandiya ilə bağlıdı. 2005-ci ildən yığmasına dəvət alan Mersi ciddi uğur qazanmayıb. Bettendorf da Moim kimi hücumçudu. Amerikada universitet komandalarında çıxış edib.

Bununla, “Azərreyl”də voleybolçuların sayı 10-a çatıb. Bakı klubu bu “üçlük”dən öncə Aynur Kərimova, Ceyran Əliyeva, Şəfaqət Həbibova (hamısı Azərbaycan), Edina Dobi (Macarıstan) və Malika Kanzonq (Tailand) ilə anlaşıb. Komanda onlardan əlavə, yığmamızın digər üzvləri Ayşən Abduləzimova və Anastasiya Qurbanovanı transfer edib, Valeriya Məmmədova ilə müqaviləni uzadıb. Həmçinin, baş məşqçi postu Famil Ağayevə həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR