Ukraynada yaşayan azərbaycanlı gənclər Azərbaycan mədəniyyətinin tanıtım aksiyasına start veriblər

Ukraynada yaşayan azərbaycanlı gənclər Azərbaycan mədəniyyətinin tanıtım aksiyasına start veriblər
# 08 fevral 2016 08:12 (UTC +04:00)

Kiyev. Mübariz Aslanov – APA. Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlı gənclər tərəfindən “Müxtəlifliyin vəhdəti: bir gecə, iki mədəniyyət” aksiyasına start verilib.

APA-nın məlumatına görə, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) təşkilatçılığı ilə keçirilən aksiya çərçivəsində ilk olaraq Krım tatarları ilə birlikdə mədəniyyət nümunələrinin təqdimatı keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin, Azərbaycan diasporunun nümayəndələrinin, ölkənin ictimai-siyasi xadimlərinin, yerli kütləvi informasiya vasitələri təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən UAGB sədri İlhamə Allahverdiyeva bildirib ki, ilk olaraq azərbaycanlı gənclər tərəfindən start verilən bu aksiyanın məqsədi ölkədə yaşayan müxtəlif millətlər arasında Azərbaycan mədəniyyət nümunələrini tanıtmaqdır: “İlk olaraq ortaq dəyərlərə malik olduğumuz Krım tatarları ilə bu tədbiri təşkil etməyə qərar verdik. Bu, başlanğıcdır. Ukraynada yaşayan digər millətlərlə birlikdə bu aksiyanı davam etdirəcəyik”.

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Mübariz Cəfərov isə bildirib ki, azərbaycanlı gənclər ölkədə çox fəaldır. O, səfirliyin bu işə daim dəstək olduğunu söyləyərək aksiya iştirakçılarına uğurlar arzulayıb.

Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Krım tatarları və azərbaycanlıların eyni kökdən qaynaqlandığını xatırladaraq onların birlikdə Ukraynada böyük gücə malik olduğunu qeyd edib. O, Millətlər Assambleyasının bu aksiyanı dəstəklədiyini vurğulayıb.

Daha sonra Azərbaycan və tatar mətbəxinin nümunələri və digər mədəni atributları nümayiş olunub. Ukraynanın azərbaycanlı xalq artisti Qurban Abbasov tatar, Azərbaycan və Ukrayna mahnılarını ifa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR