Əmanətlərin Sığortalanması Fondu: “Yunayted Kredit Bank”da sığorta hadisəsi baş verib

Əmanətlərin Sığortalanması Fondu: “Yunayted Kredit Bank”da sığorta hadisəsi baş verib
# 02 fevral 2016 15:51 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Əmanətlərin Sığortalanması Fondunun üzvü olan “Yunayted Kredit Bank” ASC-də sığorta hadisəsi baş verib.

Fonddan “APA-Economics”ə verilən xəbərə görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli, 06/1 saylı qərarı ilə "Yunayted Kredit Bank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 30.04.1996-cı il tarixli, 240 saylı lisenziya ləğv edilib.

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim olunmuş 02 fevral 2016-cı il tarixli 16-00029-2016 nömrəli məktuba istinad edərək bildirir ki, “Yunayted Kredit Bank" ASC-nin əməliyyatlarına moratorium tətbiq edilib. Bununla da “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə müvafiq 02 fevral 2016-cı il tarixi “Yunayted Kredit Bank" ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, sığorta hadisəsi baş verdiyi gündən 7 təqvim günü ərzində “Yunayted Kredit Bank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş Agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.

Fond məlumat üçün bildirir ki, “Yunayted Kredit Bank" ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 (otuz) min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir. 30 min manatdan çox əmanəti olan əmanətçilərin əmanətləri ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR