"Azərbaycan-Rusiya Dostluq Körpüsü" beynəlxalq uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

"Azərbaycan-Rusiya Dostluq Körpüsü" beynəlxalq uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 06 fevral 2016 22:27 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskvada "Azərbaycan-Rusiya Dostluq Körpüsü" adlı beynəlxalq uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinə diplom təqdimetmə mərasimi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzinin təşkilatçılığı ilə Moskva Millətlər evində keçirilən tədbirdə iştirak edən qonaqlar ilk öncə Azərbaycan-Rusiya dostluğuna həsr olunan məktəbli uşaqlar tərəfindən çəkilən şəkillərin sərgisi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin icraçı direktoru Mehman Şükürov millətlər arası dostluq körpülərinin qurulmasının çox əhəmiyyətli olduğunu vurğulayıb və hamını bu dostluq körpüsünü daim qorumağa və möhkəmlətməyə çağırıb.

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Vüqar İmaməliyev isə tədbirdə iştirak edən qonaqlara səfir Polad Bülbüloğlunun salamlarını çatdıraraq Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzinin Azərbaycan-Rusiya dostluğuna verdiyi töhvələrdən bəhs edib.

Tədbirdə çıxış edən Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktor müavini Denis Yakimenko Rusiya Dövlət Dumasının deputatı Dmitriy Savelyevin təbrik məktubunu oxuyub.

"Bütün dünyada sülh naminə qadınlar" Federasiyasının prezidenti Olqa Vakuluinskayaya "Sülh körpüsü" adlı nominasiya üzrə Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzinin nəzdində fəaliyyət göstərən Qadınlar Birliyinin sədri Venera Şükürovaya "Sülh səfiri" sertifikatını təqdim edərək tədbirin təşkilatçılığına görə təşəkkürünü bildirib.

Moskva Millətlər Evinin yaradıcılıq müsabiqəsinin qaliblərə təqdim etdiyi diplomları azərbaycanlı qaliblər adından qəbul edən Mərkəzin inkişaf üzrə direktoru Ramil İsmayılov bu layihənin həyata keçirilməsində iştirak edən hər kəsi təbrik edib. O, Azərbaycandan olan qaliblər üçün 2016-ci ilin iyul ayında Bakıda təqdimetmə mərasiminin keçiriləcəyini və həmin diplomların orada öz balaca sahiblərinə təqdim olunacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR