Ötən il dövlət büdcəsi vəsaiti hesabına aparılan satınalmalarda 46,5 mln. manata qənaət olunub

Ötən il dövlət büdcəsi vəsaiti hesabına aparılan satınalmalarda 46,5 mln. manata qənaət olunub
# 09 mart 2016 12:42 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il ərzində Azərbaycanın dövlət müəssisə və təşkilatları tərəfindən müsabiqə yolu ilə 8 334 satınalma həyata keçirilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2015-ci il üzrə hesabatında qeyd edilib.

Təqdim olunan yekun protokollarına əsasən bağlanan satınalma müqavilələrinin qiyməti 1 326,9 mln. manat təşkil edib və satınalma predmetinin ehtimal olunan qiymətinin (1 380,7 mln. manat) 53,8 mln. manatına və ya 3,9%-nə qənaət edilib. Qənaətin 43,4 mln. manatı və ya 80,75%-i tender üsulu ilə keçirilən satınalmalarda, 10,4 mln. manatı və ya 19,25%-i isə kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda əldə olunub.

Qeyd etmək lazımdır ki, kotirovka sorğusu üsulu ilə 6 848 (ümumi sayın 82,2%-i) müsabiqə keçirildiyinə baxmayaraq onların ümumi məbləği 151,3 mln. manat və ya keçirilən dövlət satınalmalarının ümumi məbləğinin (1 326,9 mln. manat) cəmi 11,4%-i təşkil edib.

Dövlət büdcəsinin vəsaiti hesabına aparılan satınalmalarda 6 930 müsabiqə keçirilib. Satınalma prosedurlarında tender predmetinin ehtimal olunan qiyməti 1 137,8 mln. manat və bağlanan satınalma müqavilələrinin qiyməti 1 091,2 mln. manat məbləğində müəyyənləşdirilərək dövlət vəsaitinin 46,5 mln. manatına və ya 1,1%-nə qənaət olunub. Bundan tender üsulu ilə keçirilmiş satınalmalarda ehtimal olunan qiymət 1 014,2 mln. manat, qənaət 38,3 mln. manat və ya 3,8%, kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda ehtimal olunan qiymət 123,6 mln. manat, qənaət isə 8,3 mln. manat və ya 6,7% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR