Gürcüstan Azərbaycan çempionatına ən güclü klubunu göndərir

Gürcüstan Azərbaycan çempionatına ən güclü klubunu göndərir
# 03 noyabr 2015 10:21 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında Gürcüstan klubunun oynayacağı dəqiqləşib. Bu barədə apasport.az saytına məlumatı Gürcüstan Voleybol Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Andro Lejava verib.

Qurum rəsmisi bildirib ki, AVRO-2017-yə birgə ev sahibi edəcək Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq əlaqələri möhkəmlənir. Bunun əyani sübutu olaraq, qonşu ölkə təmsilçilərindən birinin Super Liqadakı çıxışı ilə bağlı federasiyalar arasında aparılan danışıqlar müsbət yekunlaşıb: “Azərbaycan Voleybol Federasiyası ilə artıq razılığa gəlmişik. Super Liqanızda oynayacaq klubumuz da bəllidi. Bu, ölkənin ən güclü komandası “Tbilisi”di”.

Super Liqada oynamaqla voleybolçularının təcrübəsini artırmaq niyyətində olan Gürcüstan Azərbaycan klublarının qonşu ölkədə oynamasına da şərait yaradacaq. Qarşılıqlı razılığa əsasən, çempionatımızın 1 turu AVRO-2017-yə ev sahibi şəhərlərdən biri Tiflisdə təşkil ediləcək: “Artıq bu məsələdə həllini tapıb. Paytaxt təmsilçisinin yarışda iştirakı ilə əlaqədar çempionatınızın bir turunun oyunları da ölkəmizdə baş tutacaq. Lakin bunun mövsümün hansı hissəsində olacağı yarışın gedişində bəlli olacaq”.

Qeyd edək ki, Azərbaycan Super Liqasının noyabrın 6-da start götürməsi nəzərdə tutulub. “Tbilisi” isə yarışda müsabiqədən kənar iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR