Mehriban Əliyeva: “Heç vaxt ölkəmizdə dini və milli zəmində münaqişə baş verməyib"

Mehriban Əliyeva: “Heç vaxt ölkəmizdə dini və milli zəmində münaqişə baş verməyib"
# 23 fevral 2016 23:35 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikana səfəri çərçivəsində fevralın 23-də Pio-Klementino muzeyində olub. APA-nın xəbərinə görə, burada Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən abidələrə və incəsənət nümunələrinə baxış olub.

Qeyd edək ki, Roma imperiyası dövrünə aid olan Zevsin heykəli Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilir. Pio-Klementino muzeyinin direktoru Antonio Paolucci Heydər Əliyev Fonduna və şəxsən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirərək onun dünya mədəniyyətinin şah əsərlərinin qorunması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. Mehriban Əliyeva bundan sonra da müvafiq sahədə işlərin davam etdiriləcəyini diqqətə çatdırıb: “Mən ilk növbədə muzeyin direktoruna və bütün əməkdaşlarına bəşəriyyət üçün dəyərli əsərlərin qorunmasına, gələcək nəsillər üçün saxlanılmasına görə dərin minnətdarlığımı bildirirəm. Mən çox xoşbəxt adamam ki, dəfələrlə Vatikanın muzeylərində olmuşam və hər dəfə buraya gələndə fikirləşirəm ki, mən nə zaman yenidən buraya dönəcəyəm. Fəxr edirəm ki, rəhbərlik etdiyim Fond burada qorunan abidələrin bərpasına öz kiçik töhfəsini verir. Mən sizə bu əməkdaşlığa görə minnətdarlığımı bildirirəm”.

Vatikanın dövlət qubernatoru, kardinal Cuzeppe Bertello Azərbaycan dövlətinə və xüsusən də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə edib. O, Azərbaycan-Vatikan əlaqələrinin inkişafında bu cür dialoqların davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Mehriban Əliyeva da ölkəmizin bu əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva daha sonra Apostol Kitabxanasında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpası davam etdirilən dolablara baxıb. Qeyd edək ki, dəyərli kitabların saxlanıldığı dolabların yerləşdiyi Sistina zalı 1587-1589-cu illərdə tikilib.

Sonra muzeyin Sistina zalında olan Mehriban Əliyevaya zalın tarixi və buradakı sənət əsərləri barədə məlumat verilib. Qeyd edilibki, son illərdə aparılan təmir-bərpa işləri nəticəsində zalın özəlliyi artıb, onun tarixi mahiyyəti daha da güclənib. Nadir divar rəsmlərini görmək üçün hər gün minlərlə turist bu zala axışır.

Daha sonra Mədəniyyət üzrə Papa Şurasında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazi arasında görüş olub. Görüş başa çatdıqdan sonra kardinal Ravazi Heydər Əliyev Fondu ilə gələcək əməkdaşlıqla bağlı həyata keçirilməsi nəzərdə tutulan layihələrdən danışıb, bərpası planlaşdırılan digər katakombalar barədə məlumat verilib. O, bu əməkdaşlığın dinlər və mədəniyyətlərarası platformaya töhfə verdiyini, müsəlman ölkəsinin bu sahədəki fəaliyyətinin böyük önəm daşıdığını, Roma Papası Fransiskin də Azərbaycanın müvafiq istiqamətdə səylərini yüksək qiymətləndirdiyini deyib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yenidən Müqəddəs Taxt-Taca gəlməyindən məmnunluğunu bildirərək, Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası ilə bağlı 2012-ci ildən etibarən icra olunan layihənin əhəmiyyətindən danışıb. Heydər Əliyev Fondunun prezidenti belə əməkdaşlığın sivilizasiyalararası münasibətlərdə böyük rol oynadığını bildirib: “Xüsusən də müasir dünyada belə münasibətlər - dinlərarası, sivilizasiyalararası, xalqlararası münasibətlərdə bu cür əməkdaşlıq çox böyük rol oynayır.

Bu gün Azərbaycan sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsinə verir. Ölkəmizdə Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərir. 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Bu mövzuda ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq forumlar, konfranslar, görüşlər multikulturalizm ideyasının, müxtəlif insanların, xalqların dostluq və qardaşlıq şəraitində birgə yaşadığını göstərir. Biz müsəlman ölkəsi olaraq ənənələrimizə, dinimizə, mədəniyyətimizə və tariximizə çox bağlıyıq. Eyni zamanda, biz ümumbəşəri dəyərləri qəbul edirik. Biz mədəni müxtəlifliyi davam etdiririk və buna böyük hörmətlə yanaşırıq. Öz dininə hörməti olan insan hər zaman digər dinlərə hörmətlə yanaşır.

Sonda qeyd etmək istəyirəm, mən fəxr edirəm ki, Azərbaycan dövləti xristian aləminin dəyərli abidələrindən biri olan Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasına öz töhfəsini verir”.

Sonra Müqəddəs Sebastian sərdabələrinin bərpası üzrə müqavilə imzalanıb. Müqaviləni Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazi imzalayıblar.

Daha sonra jurnalistlərin sualları cavablandırıldı. Müsəlman ölkəsi olan Azərbaycanın Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasına maraq göstərməsinin səbəbi ilə bağlı suala cavabında Mehriban Əliyeva bildirib ki, ölkəmiz hər zaman dinlərin və mədəniyyətlərin qovuşduğu bir məkan olub: “Heç vaxt ölkəmizdə dini və milli zəmində münaqişə baş verməyib. Heydər Əliyev Fondu bu cür işləri həm ölkədə, həm də dünyanın müxtəlif yerlərində həyata keçirib. Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası isə Azərbaycan ilə Vatikan arasındakı yüksək səviyyəli əməkdaşlığın nümunəsidir”.

Kardinal Canfranko Ravazi isə Heydər Əliyev Fondu ilə Vatikan arasında geniş əməkdaşlığın olduğunu vurğulayıb. Bu əməkdaşlığa Vatikan muzeyləri ilə əlaqələr, qədim əlyazmaların bərpası və digər məsələlər daxildir. Ölkəmizə səfərlərini və müxtəlif dinlərin nümayəndələri ilə görüşlərini xatırladan C.Ravazi Müqəddəs Taxt-Tacın Azərbaycanla əlaqələrinin çoxşaxəli olduğunu diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR