Təhsil naziri iş yerini dəyişən müəllimlərlə bağlı təhsil şöbələrinə tapşırıqlar verib

Təhsil naziri iş yerini dəyişən müəllimlərlə bağlı təhsil şöbələrinə tapşırıqlar verib
# 03 avqust 2016 09:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin nəticələri barədə əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrdə bildirilib ki, müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib.

16-18 iyun tarixlərdə keçirilmiş müsabiqənin 2-ci mərhələsində-test imtahanında 1621 nəfər iştirak edib, imtahanların nəticəsinə görə 345 nəfər yekun mərhələyə-müsahibəyə buraxılıb. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin yekun nəticəsinə əsasən 243 nəfər iş yerini dəyişmək hüququ qazanıb.

Şəhər (rayon) təhsil idarələrinin (şöbələrinin) rəhbərlərinə tapşırılıb ki, müsabiqə nəticəsində iş yerini dəyişən müəllimlərin sənədlərini yoxlayıb, sentyabrın 15-dən onlarla əmək müqavilələrinin bağlanmasını təmin etsinlər, əmək fəaliyyəti ilə əlaqədar məsələlərin həll edilməsində onlara köməklik göstərsinlər.

Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinin rəisləri mövcud qanunvericiliyin tələbləri gözlənilməklə həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə (H1 və H2) iş yerini dəyişənlər üçün nəzərdə tutulan ödənişlərin həyata keçirilməsini təmin etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR