Tural Abbaslı: “Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerlə razılaşmırıq”

Tural Abbaslı: “Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerlə razılaşmırıq”
# 06 iyun 2016 11:24 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Vahid Azərbaycan Partiyasının qurultayının keçirilməsi üçün Bakıda yerləşən şadlıq evləri ilə danışıqlar aparılır”.


Bunu APA-ya açıqlamasında Vahid Azərbaycan Partiyasının (VAP) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Tural Abbaslı deyib.

T. Abbaslı bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin VAP-a qurultay üçün məsləhət gördüyü Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin imkanları məhduddur: “İstər zalın vəziyyəti, istərsə də məkan baxımından əlverişli deyil. İnsanların siyasi passiv olduğu dövrdə uzaq bir yerdə qurultay keçirməyi məqsədəuyğun saymırıq”.

T. Abbaslı qeyd edib ki, partiyanın qurultayının təxirə salınmaması üçün işlər görülür: “Qurultayın iyunun 12-də keçirilməsi istiqamətində tədbirlər görüləcək, amma təxirə düşmə ehtimalı da var”.

Qeyd edək ki, VAP tərəfindən BŞİH-ə ünvanlanan müraciətdə qurultay keçirilməsi üçün “Bakı” kinoteatrı və ya Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının ayrılması xahiş edilsə də, şəhər rəhbərliyi tərəfindən Səttar Bəhlulzadə Adına Mədəniyyət Evi məsləhət görülüb.

Xatırladaq ki, Müsavat Partiyası başqanlığına sabiq namizəd, “Ağ blok”un həmtəsisçisi Tural Abbaslı və bir qrup tərəfdarı Müsavatdan istefa verərək VAP-a qoşulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR