Rio-2016: İki güləşçimiz bürünc medal üçün mübarizə aparacaq

 <span style="color: red;">Rio-2016:  İki güləşçimiz bürünc medal üçün mübarizə aparacaq
# 19 avqust 2016 18:11 (UTC +04:00)

Bakı-APA. Rio-2016 Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə yarışlara start verilib.

Apasport.az saytının məlumatına görə, ilk gündə 57 kq və 74 kq çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Mübarizəyə 1/8 finaldan start verən Hacı Əliyevin (57) ilk rəqibi cənubi koreyalı Yunsik Yun olub. Mircəlal Həsənzadənin əvəzinə Rioya yollanan 2 qat dünya çempionumuz Asiya Oyunlarının bürünc mükafatçısını xalçaya çıxmasına peşman edib. İlk hissəni 8:2 hesabı ilə öndə bitirən həmyerlimiz yekunda 12:2 hesablı qələbəyə sevinib.

Hacı 1/4 finalda Vladimir Xinçeqaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. Birinci hissə Əliyevin 1:0 hesabı ilə xeyrinə başa çatsa da, yekunda məğlubiyyətə üzülüb. Gürcü 5:3 hesabı ilə mərhələ adlayıb. London-2012-nin finalçısı olan Xinçeqaşvili bu dəfə də həlledici mərhələyə yüksəldiyindən, Hacı "bürünc" üçün təsəlliverici görüşlərə qatılacaq. Güləşçimiz ilk təsəlliverici görüşündə Nurislam Sanayevlə (Qazaxıstan) qüvvəsini sınayacaq. Qarşılaşma 23:16-da başlayacaq.

74 kq çəkidə çıxış edən Həsənov da mübarizəyə komanda yoldaşı kimi 1/8 finaldan başlayıb. Avropa çempionumuz kolumbiyalı Karlos Arturo İzkierdo Mendeslə gücünü yoxlayıb. Döyüş həmyerlimiz üçün asan keçib. Cəbrayıl cütün taleyini ilk hissədəcə həll edib - 10:0. O, 1/4 finalda Yakob Makaraşvili (Gürcüstan) ilə qarşılaşıb. Həsənov bu rəqibini də vaxtından əvvəl mübarizədən kənarlaşdırıb. İlk hissədə 11:0 hesabı ilə önə keçən həmyerlimiz yarımfinala vəsiqə qazanıb.

Həmyerlimiz finala gedən yolda rusiyalı Aniuar Qeduyevlə güləşib. Cəbrayıl döyüşə yenə fəal başlayıb. Hətta 4:0 hesabı ilə önə də keçib. Lakin o, üstünlüyünü qoruya bilməyib. Yekunda rusiyalı 5:4 hesabı ilə qalib gələrək, finala yüksəlib. Məğlubiyyətə baxmayaraq, Həsənov bürünc medal üçün mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR