BEA: Hətta gələn ildə də neftin qiymətində ciddi artım gözlənilmir

BEA: Hətta gələn ildə də neftin qiymətində ciddi artım gözlənilmir
# 20 sentyabr 2016 15:01 (UTC +04:00)

Bakı - APA-Economics. Yaxın gələcəkdə neftin qiymətində ciddi artım gözlənilmir, buna görə də Türkiyə aşağı qiymətlərlə xammal idxalını davam etdirəcək.

"APA-Economics" xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol "Anadolu" agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda neftin qiymətinə neqativ təsir edən əsas amil bazarda təklifin tələbi üstələməsidir.

"Neftin bahalaşması üçün heç bir ciddi əsas görmürəm. İlk növbədə ona görə ki, bazarda təklif olduqca yüksək olaraq qalır. Səudiyyə Ərəbistanı, İran, İraq kimi Yaxın Şərq ölkələri hasilatı artırmaqdadır. Bununla yanaşı, neft hasilatı ilə məşğul olan ölkələrin ciddi ehtiyatları mövcuddur. Odur ki, hətta 2017-ci ilin ikinci yarısında da neftin qiymətində ciddi artım gözlənilmir. Bu isə Türkiyə kimi tədiyyə balansında kəsiri olan ölkələr üçün yaxşı xəbərdir", - deyə F. Birol qeyd edib.

İcraçı direktor onu da əlavə edib ki, Türkiyənin region ölkələri ilə iri enerji layihələrini həyata keçirməsi təqdirəlayiqdir: "Türkiyə enerji resursları istehsalçısı və istehlakçısı olan ölkələr arasında bir körpü rolunu oynayır. Gələcəkdə neft-qaz tranziti baxımından Türkiyənin əhəmiyyəti artacaq. Çünki Türkiyə iri neft-qaz istehsalçısı olan Rusiya, İran, İraq, Xəzər və Aralıq dənizi ölkələrinin ətrafında yerləşir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR