Nəsibə Zeynalovanın məzarı ziyarət olunub

Nəsibə Zeynalovanın məzarı ziyarət olunub
# 20 aprel 2016 09:36 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Fəxri Xiyabanda xalq artisti, gülüş ustası Nəsibə Zeynalovanın məzarı ziyarət olunub.

APA-nın məlumatına görə, tədbirə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azər Paşa Nemət, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, teatr xadimləri qatılıblar. Ə. Vəliyev 100 illik yubileyi qeyd olunan Nəsibə Zeynalovanın Azərbaycan mədəniyyətində xidmətlərini yüksək qiymətləndirib, görkəmli aktrisanın teatr və kinoda yaratdığı yaddaqalan obrazlardan danışıb. Nazir müavini qeyd edib ki, N. Zeynalovanın 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalanıb və sərəncamdan irəli gələn tədbirlər il ərzində mədəniyyət ocaqlarında qeyd olunacaq.

Xalq artisti Azər Paşa Nemət Nəsibə Zeynalovanın teatr sahəsindəki xidmətlərindən söz açıb, onun yaradıcılığının bundan sonra da yaşayacağını diqqətə çatdırıb. İttifaq sədri əlavə edib ki, rəhbərlik etdiyi qurum N. Zeynalovanın həyat və yaradıcılığına həsr olunan kitab hazırlayır və yeni nəşr Azərbaycan, rus, ingilis dillərində çap olunacaq.

Xalq artisti İlham Namiq Kamal N. Zeynalovanın Musiqili Teatrdakı fəaliyyətindən danışıb, onu Azərbaycan teatrının klassiki adlandırıb.

Aktrisanın nəvəsi Nəsibə Zeynalova nənəsi haqqında xatirələrini bölüşüb, N. Zeynalovanın xatirəsini və sənətini yaşadanlara təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR