İSB ötən il üzrə gəlirlərinin strukturunu açıqlayıb

İSB ötən il üzrə gəlirlərinin strukturunu açıqlayıb
# 14 aprel 2016 09:53 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İcbari Sığorta Bürosu (İSB) 2015-ci il üçün maliyyə və investisiya fəaliyyətinin nəticələrini açıqlayıb.


APA-Economics” xəbər verir ki, İSB-nin 2015-ci il üçün büdcəsində gəlirlər 7 mln. 830 min manat planlaşdırılıb, faktiki daxilolmalar isə 8 mln. 254,917 min manat təşkil edib. Bu da büdcədə nəzərdə tutulandan 5,43% və ya 424,917 min manat çoxdur.

Ötən il “Qala Sığorta” ASC-nin Büronun iştirakçı sığortaçılarının reyestrinə daxil edilməsi ilə əlaqədar bu şirkətdən qanunvericilikdə müəyyən olunmuş qaydada 200 min manat iştirak haqqı və “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” üzrə cəmi 200 min manat təminat depoziti daxil olub.

2015-ci il ərzində iştirakçı sığortaçıların müəyyən edilmiş qaydada Büroya ödədiyi təqvim haqlarının ümumi məbləği 6 mln. 443,099 min manat təşkil edib.

Bütün banklarda yerləşən depozit hesablarından 1 mln. 261,493 min manat məbləğində faiz gəliri daxil olub.

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək istəyən sığortaçıların İSB tərəfindən formalaşdırılan cari öhdəliklər birdəfəlik ehtiyatı ilə bağlı hesaba ödədikləri pul vəsaiti 110 min manat təşkil edib.

Büronun digər daxilolmaları (itirilmiş, korlanmış və Büroya qaytarılmayan blanklara görə, daxilolmalar və s.) 28294 manat və Büronun subroqasiya hüququnun həyata keçirilməsi nəticəsində daxilolmalar 12,031 manat olub.

Büronun 2015-ci il üçün büdcəsində xərclər 4 mln. 305,048 manat planlaşdırılıb, faktiki xərclər isə 2 mln. 860,821 min manat təşkil edib. Bu da büdcədə nəzərdə tutulandan 1 mln. 444,227 min manat, yəni 34% az olub. Xərclər Büronun 2015-ci il üçün təsdiq olunmuş büdcəsində nəzərdə tutulan istiqamətlərə sərf olunub.

31.12.2015-ci il tarixinə Büronun cari valyuta hesablarında 1 mln. 32,234 manat ekvivalentində vəsait mövcud olub. Büronun avro hesabında 582,475 min avro və ABŞ dolları hesabında 25,232 ABŞ dolları məbləğində mövcud olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR