Moskvada İŞİD üzvünə hökm oxunub

Moskvada İŞİD üzvünə hökm oxunub
# 08 dekabr 2015 04:21 (UTC +04:00)

Bakı-APA. Moskvada ilk dəfə olaraq İŞİD qruplaşması üzvü barəsində çıxarılmış hökm qanuni qüvvəyə minib.

APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, Moskva şəhərində yaşayan iri avtomobil servis mərkəzinin sahibi Tural Rəhimov Suriyada döyüşlərdə İŞİD-in "Türk evi" dəstəsində iştirakda təqsirli bilinib.

Moskvaya qayıtdıqdan sonra T.Rəhimov İŞİD sıralarına yeni silahlıların cəlb edilməsi və terrorçular üçün döyüş sursatı əldə edilməsi ilə məşğul olub. Onun 2014-ci ilin sentyabrında Rusiya əks kəşfiyyatçıları tərəfindən yaxalandığı bildirilir.

Tural Rəhimova qarşı cinayət işinə Moskvanın Lefortovo məhkəməsində xüsusi qaydada baxılıb. O, ittihamları qəbul edib və istintaqla əməkdaşlığa razılıq verib. T.Rəhimov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 208-ci maddəsinə əsasən (xarici ölkə ərazisində qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmə) təqsirli bilinib. Məhkəmə onun barəsində 4 il həbs cəzası çıxarıb. Məhkəmənin hökmünə qarşı şikayət verilmədiyindən qərar qanuni qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR