ABŞ-dakı yəhudi qəzetində Azərbaycanın Los Ancelesdəki baş konsulunun Xocalı soyqırımına dair məqaləsi dərc olunub

ABŞ-dakı yəhudi qəzetində Azərbaycanın Los Ancelesdəki baş konsulunun Xocalı soyqırımına dair məqaləsi dərc olunub
# 22 fevral 2016 07:12 (UTC +04:00)

Bakı – APA. ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan və Los Ancelesdə nəşr olunan “Jewish Journal” qəzetində Xocalı soyqırımına dair geniş məqalə dərc olunub. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tərəfindən qələmə alınmış məqalə “Xocalıdakı müharibə cinayətinin günahsız qurbanlarını anarkən” başlığı daşıyır.

Baş Konsulluqdan APA-ya verilən məlumata görə, N. Ağayev Xocalı qətliamı zamanı azərbaycanlıların məruz qaldığı vəhşiliklərdən bəhs edərək, bu soyqırımını müasir Avropa tarixinin ən dəhşətli faciələrindən biri adlandırır. Baş konsul “Human Rights Watch” təşkilatının bu faciəni Ermənistan-Azərbaycan münaqişəsinin “ən böyük qətliamı” adlandırdığını bildirərək qeyd edir ki, bu gün Ermənistan prezidenti olan Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyan Xocalı qətliamının törədilməsində birbaşa iştirak ediblər.

Diplomat vurğulayıb ki, Azərbaycanın apardığı ədalət mübarizəsi nəticəsində son illərdə artıq beynəlxalq aləm bu dəhşətli hadisənin öyrənilməsinə və tanınmasına böyük maraq göstərməkdədir. Bu səpkidə, baş konsul Meksikadan Sloveniyaya, Bosniya Herseqovinadan Peruya qədər müxtəlif ölkələrin, eləcə də ABŞ-ın onlarla ştatının Xocalı faciəsini qətiyyətlə pislədiklərini qeyd edir. Müəllif İsrail prezidenti Reuven Rivlinin 2015-ci ildə BMT Baş Assambleyasındakı çıxışı zamanı Xocalı soyqırımının Holokostdan sonra dünyanın qarşısını ala bilmədiyi soyqırımlarından biri olmasını qeyd etdiyini diqqətə çatdırır.

N. Ağayevin sözlərinə görə, Ermənistanın bu dəhşətli cinayəti hər vəchlə inkar etməsinə baxmayaraq, Azərbaycan Xocalı qurbanlarına ədalət uğrunda mübarizəsini davam etdirir. O, ABŞ Konqresinin də bu ədalət mübarizəsinə qoşulmasının, xüsusi qətnamə qəbul edərək bu qətliamı pisləməsinin vacib olduğunu bildirir.

Qeyd edək ki, “Jewish Journal” qəzeti ABŞ-da internet vasitəsi ilə ən çox oxunan yəhudi nəşridir. Qəzetin internet versiyasının aylıq 4.5 milyon oxucusu var.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR