Əbülfəs Qarayev: ""Bakı bəyannaməsi”nin layihəsini BMT-yə təqdim etmişik"

Əbülfəs Qarayev: ""Bakı bəyannaməsi”nin layihəsini BMT-yə təqdim etmişik"
# 23 fevral 2016 07:05 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq işləri müzakirə olunub.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda BMT-nin Sivilizasiyalar Alyansının Azərbaycanda səfərdə olan nümayəndə heyəti də iştirak edib. Təşkilat Komitəsinin sədri, mədəniyyət və turizm naziri Ə. Qarayev görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Nazir bildirib ki, forumun proqramı üzrə iş gedir, ilkin layihə hazırdır: “Xarici İşlər Nazirliyi ilə birlikdə “Bakı bəyannaməsi”nin layihəsini hazırlayıb BMT-yə təqdim etmişik. Bəyannamə layihəsi bu günlərdə BMT-nin qərargahında müzakirə olunmaqdadır. Layihə alyansın üzvü olan bütün ölkələrin rəsmi nümayəndələrinə təqdim edilib. Sənəddə dünyanı, o cümlədən Azərbaycanı narahat edən bir sıra məsələlər əksini tapıb. “Bakı bəyannaməsi” həm də forumun gələcək dünya proseslərinə təsirini ortaya qoyacaq”.

Nazir diqqətə çatdırıb ki, Forumda iştirak edən qonaqların ölkəmizin mədəniyyət ocaqları, tarixi məkanları ilə tanış olması və Azərbaycanı daha yaxından tanımaları üçün mədəni proqramlar da təşkil olunacaq. Həmçinin gələn qonaqlarla ali məktəblərdə də görüşlərin təşkili də nəzərdə tutulur.

BMT Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri və ali nümayəndənin sözçüsü Nihal Saad Forumun Təşkilat Komitəsi ilə sıx əlaqə qurulduğunu və hazırlıqların yüksək səviyyədə getdiyini bildirib.

Forumun proqramının müəyyən edildiyini qeyd edən Nihal Saad plenar və qrup sessiyalarında müzakirə olunacaq mövzular barədə məlumat verib. Bildirib ki, “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” mövzusuna həsr edilən Forumda beynəlxalq ictimaiyyət üçün maraq kəsb edən aktual məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR