Azərbaycan mövcud olan dərman bitkilərinin sayı açıqlanıb

Azərbaycan mövcud olan dərman bitkilərinin sayı açıqlanıb
# 02 iyun 2016 14:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda dərman bitkilərinin sayı açıqlanıb.

Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru Eldar Novruzov APA-ya bildirib ki, son illərdə aparılan araşdırmalar nəticəsində Azərbaycan florasının 4500 bitki növündən 1547-nin (37%) dərman bitkisi olduğu müəyyənləşib: “Onlardan 1161 növü xalq təbabətində istifadə olunur. 525 növ farmakologiya üçün sınaqdan keçirilib. 421 növ Azərbaycanın orta əsrlər xalq təbabətində istifadə edilib. Azərbaycanın dərman bitkilərinə əsasən meşələrdə və çəmənlərdə rast gəlinir”.

Alim vurğulayıb ki, bitki ehtiyatları sahəsində tədqiqatlar həmişə insan sağlamlığının qorunmasına yönəldilib. Bitkilərin növ tərkibi, kimyası, biokimyası ilə yanaşı, sənaye əhəmiyyətli bitkilərin – biyan, itburnu, çaytikanı, nanə, kəklikotu, yemişan və digər faydalı bitkilərin ehtiyatı da öyrənilib: “Dünyada istifadə edilən dərmanların tərkibində olan bitkilər Azərbaycanda var. Rəsmi dərman bitkiləri hər bir ölkənin farmakopeya komitəsi tərəfindən təsdiqlənir. Məsələn, Azərbaycanda itburnu bitkisinin bir növündən farmakologiyada istifadə olunur. İndi müəyyənləşib ki, itburnunun 25-dən çox növünü də tətbiq etmək mümkündür. Azərbaycanda bir yemişan növü rəsmi dərman bitkisi hesab olunur. Amma kimyəvi analizlər nəticəsində müəyyən olunub ki, başqa 2 növ də ona uyğun tərkibdədir və farmakologiyada istifadə etmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR