“Bakı Yay Neft Məktəbi” layihəsi başa çatıb

“Bakı Yay Neft Məktəbi” layihəsi başa çatıb
# 03 oktyabr 2016 09:10 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbində (BANM) təşkil olunan “Bakı Yay Neft Məktəbi”ni uğurla başa çatdıran 8 iştirakçı, o cümlədən Almaniyanın müxtəlif nüfuzlu universitetlərindən olan 6 mütəxəssis sertifikatlarla mükafatlandırılıblar.

Bakı Ali Neft Məktəbinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sertifikatları SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və BANM-in rektoru Elmar Qasımov iştirakçılara təqdim ediblər.

SOCAR-ın vitse-prezident Xalik Məmmədov alman tələbələrin bu layihədə iştirakının onların Azərbaycanın nüfuzlu ali təhsil müəssisəsi olan BANM-lə, ümumiyyətlə, Azərbaycan ilə yaxından tanışlığına imkan verdiyini bildirib.

BANM-in rektoru Elmar Qasımov BANM-də bu layihənin reallaşmasından, o cümlədən Almaniyanın müxtəlif nüfuzlu universitetlərindən olan 6 mütəxəssisin bu layihədə iştirakından məmnunluğunu bildirib.

Görüş zamanı yay məktəbinin iştirakçıları SOCAR-in yeni binası ilə tanış olublar.

Qeyd edək ki, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “Şərqə Doğru” Proqramının çərçivəsində Bakı Ali Neft Məktəbi tərəfindən təşkil edilən “Bakı Yay Neft Məktəbi”ndə Almaniyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan 8 mütəxəssis iştirak edib. Sentyabrın 14-dən 24-dək BANM-də keçirilən layihə çərçivəsində tələbələrə BANM-in professor-müəllim heyəti tərəfindən müxtəlif mövzularda dərslər keçirilib. İştirakçılar Şəkiyə səyahət edib, Qobustan milli tarixi incəsənət muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi ilə tanış olub, Heydər Əliyev məscidini ziyarət ediblər.

Proqram çərçivəsində tələbələr Azərbaycanın neft tarixinə daha yaxından bələd olmaq üçün Sənqaçal Neft Terminalı, palçıq vulkanları, tarixi neft quyuları, neft muzeyinə səfər ediblər.

Bakı Ali Neft Məktəbinin yay məktəbi keçirmək üçün təklif etdiyi layihə Alman Akademik Mübadilə Xidmətinin “Şərqə Doğru” Proqramı çərçivəsində maliyyələşdirilmək üçün qəbul edilib. Layihə rəhbəri BANM-in Keyfiyyətin Təminatı Şöbəsinin əməkdaşı Aytən Şadlinskayadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR