Anarın “Göz muncuğu” kitabı Polşada təqdim olunub

Anarın “Göz muncuğu” kitabı Polşada təqdim olunub
# 13 yanvar 2016 13:20 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycanın Polşadakı səfirliyində xalq yazıçısı Anarın “Göz muncuğu” kitabının təqdimatı keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə Polşa ictimaiyyətinin nümayəndələri, ədəbiyyatşünaslar, Azərbaycan diaspora nümayəndələri və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Həsən Həsənov xalq yazıçısı Anarın Azərbaycan ədəbiyyatının istedadlı, zəngin yaradıcılığa malik yazıçılarından biri olduğunu bildirib: “Anarın yaradıcılığı azərbaycanlılarda milli şüurun formalaşmasında böyük rol oynayıb. Sevindirici hal isə ondan ibarətdir ki, Anarın yaradıcılığı ilə nəinki azərbaycanlıların, həm də bir çox dünya xalqlarının oxuyub tanış olmaq imkanları var. İnanıram ki, Polşa oxucusuna təqdim olunan “Göz muncuğu” kitabı ictimaiyyət arasında böyük marağa səbəb olacaq”.

Kitabın polyak dilinə tərcüməçisi, filologiya üzrə humanitar elmlər doktoru İlahə Kərimova kitabı dərin mənalı, maraqlı, lakin heç də asan qəbul oluna bilməyən povest kimi dəyərləndirib.

Qeyd edək ki, Anarın “Göz muncuğu” kitabı Vrotslav şəhərində “ATUT” nəşriyyatında “Şərq modernizmi” seriyasından nəşr edilib. Kitabın nəşri Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Azərbaycan ədəbiyyatının xaricdə təbliği” proqramı çərçivəsində ərsəyə gəlib. “Göz muncuğu” Anarın Polşada nəşr olunan üçüncü kitabıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR