İnstitut direktoru: “Xəzərdə baş verən hadisə bizə çox şey öyrətməlidir”

İnstitut direktoru: “Xəzərdə baş verən hadisə bizə çox şey öyrətməlidir”
# 10 dekabr 2015 08:03 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Xəzərdə son qəza zamanı neftçilərin xilas edilməsi və platformanın hələ də istismara yararlı qalmasında FHN-in rolunu qeyd etmək lazımdır. 9-10 metr dalğa və şiddətli külək belə proseslərdə insan amilini sıfıra endirir. Yaponiya kimi güclü dövlət 9 bal zəlzələ, 9-10 metr sunami ilə üzləşəndə atom elektrik stansiyasını qoruya bilmədi. Ancaq bütün bunlara baxmayaraq, risklərə qarşı mümkün tədbirlər görülməlidir”.

APA-nın məlumatına görə, bunu bu gün Fövqəladə Hallar Nazirliyinin 10 illik yubileyi münasibəti ilə “Fövqəladə hallar və təhlükəsiz həyat” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru akademik Vaqif Abbasov deyib.

V. Abbasov bildirib ki, neft çıxarılarkən lay suları dənizə və quruya tökülməməlidir: “Dəniz sularına bu lay suları tökülürsə, bu sulardakı balıqlardan istifadə zamanı insanlarda sümük boşluğu yaranır. Təəssüf ki, Abşeron yarımadasının 35 faizi neftlə çirklənib. Ona görə də yarımadada 35-40 metr dərinlikdəki yeraltı sulardan da istifadə etmək olmaz”.

Metan qazı səbəbindən atmosferin ozon qatında yaranan problemlərdən danışan institut direktoru qeyd edib ki, bir insanın başı üzərində 7 ton hava var. Vaxtilə İraqda yanan neft quyularının yaratdığı fəsad bu gün bizdən də yan keçməyib: “Xəzərdə baş verən hadisə bizə çox şey öyrətməlidir. Yanğının söndürülməsi üçün Xəzərdəki platformada quyu partladıla bilər. Lakin nəzərə almaq lazımdır ki, bu halda dəyəri 5-10 milyon dollar olan çoxlu sayda quyunu itirə bilərik. Xəzər küləklər dənizidir. Xəzərdə bu platformaların, quyuların ətrafında xüsusi korroziya qurğuları tikilməlidir”.

V. Abbasov deyib ki, tənəffüs xəstəliklərinin 83 faizi tüstü qazları ilə bağlıdır: “Ona görə də katalizatorlarsız avtomobillərin istifadəsinə qadağa qoyulmalıdır. Bu katalizatorlar dəm qazlarını azaldır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR