Azərbaycanda yol hərəkəti qaydalarını pozan sürücülərin mobil telefon vasitəsi ilə cərimə ödəmək qaydası müəyyənləşib

Azərbaycanda yol hərəkəti qaydalarını pozan sürücülərin mobil telefon vasitəsi ilə cərimə ödəmək qaydası müəyyənləşib
# 04 dekabr 2015 14:38 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “ASAN ödəniş” sistemindən istifadə Qaydaları”nı təsdiq edib.

APA-nın məlumatına görə, Qaydaya əsasən sistem iştirakçıları inzibati xəta haqqında iş üzrə qərarı və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolu, məhkəmə qərarını, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan inzibati xətaların törədilməsinin foto və ya video görüntülərini, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə təyin olunmuş ballar barədə məlumatı, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddəti və müddətin bitməsi barədə məlumatları, inzibati xəta törətmiş fiziki şəxsin şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və fərdi identifikasiya nömrəsini (FİN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN), yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi nəqliyyat vasitəsinin istifadəçisi fiziki şəxsdirsə - qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini, elektron ünvanını (olduğu halda), sürücülük vəsiqəsində olan məlumatları, hüquqi şəxsdirsə - həmin nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını, məhkəmə qərarına əsasən xeyrinə ödəniş aparılacaq şəxsin bank hesabı nömrəsini, vəsatətə və ya şikayətə baxılmasının nəticəsi barədə inzibati xəta haqqında iş üzrə qərarı və ya məhkəmə qərarını, sistem iştirakçısının və operatorun sistemin fəaliyyəti ilə bağlı zəruri hesab etdiyi digər məlumatları real vaxt rejimində sistemə göndərirlər.

Sistemin iştirakçıları əlavə olaraq inzibati xəta haqqında protokolu və işin digər materiallarını, inzibati xətanın törədilmə yerini və vaxtını, inzibati xəta haqqında iş üzrə qərarın icrasının təxirə salınması, dayandırılması, ona möhlət verilməsi məsələləri barədə qərardadı, fərdi sahibkarın vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN), yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokoldan və ya inzibati xəta haqqında iş üzrə qərardan sistemdənkənar verilmiş vəsatətlər və ya şikayət barədə məlumatları (şikayət üzrə iş materiallarını (ərizələri), vəsatətə və ya şikayətə baxılmasının nəticəsi barədə inzibati xəta haqqında iş üzrə qərarı və ya məhkəmə qərarını, hesablanmış dəbbə pulunun məbləği və ya onun hesablanmasının dayandırılması barədə məlumatları, inzibati cərimələrin, dəbbə pulunun, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin, “Dövlət rüsumu haqqında”, “Notariat haqqında”, “Banklar haqqında” qanunlar ilə müəyyən olunmuş digər ödənişlərin edilməsi, o cümlədən xeyrinə ödəniş aparılacaq şəxslərin və dövlət orqanlarının bank və xəzinədarlıq hesablarına köçürülməsi barədə məlumatları sistemə göndərilməsini təmin edir.

İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar informasiya sistemlərinin və ehtiyatlarının sistemə qoşulması üçün mərkəzi informasiya sistemlərini yaradır. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlarla yanaşı, sistemin fəaliyyətində iştirak etmək istəyən digər dövlət orqanları, habelə bələdiyyələr və hüquqi şəxslər öz təşəbbüsü və sistemin operatorunun razılığı əsasında sistemə qoşula bilərlər. Sistemin istifadəçiləri sistemdən internet, xüsusi ödəmə terminalı, mobil telefon aparatı vasitəsi ilə istifadə edə bilərlər. Sistemdən internet vasitəsilə istifadə sistem operatorunun internet informasiya resursu (www.asanpay.az) üzərindən sistemdə qeydiyyatdan keçmədən, sistemdə qeydiyyatdan keçməklə, gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) vasitəsilə üsullarla həyata keçirilir. Sistemdə qeydiyyatdan keçmədən istifadə üçün mobil telefon nömrəsinə SMS vasitəsilə göndərilən “ASAN ödəniş” nömrəsi” “ASAN ödəniş” nömrəsi ilə giriş” bölməsinə daxil edilməli və yaxud yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolun seriyası və nömrəsi və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi “Qeydiyyatsız ödəmə” bölməsinə daxil edilməlidir. Sistemin istifadəçiləri gücləndirilmiş elektron imza (“ASAN imza” istisna olmaqla) vasitəsilə sistemdən yalnız bu cür istifadəyə imkan verən zəruri informasiya texnologiyalarına malik olduqda istifadə edə bilərlər. Bu halda sistemin istifadəçiləri gücləndirilmiş elektron imzanın sertifikatını seçməklə, “PİN”ini tələb edilən yerlərə daxil etməlidirlər. “ASAN imza” vasitəsilə sistemdən istifadə etmək üçün sistemin istifadəçiləri “Asan imza nömrəsi”ni və “Asan imza istifadəçi ID”sini tələb edilən yerlərə daxil etməli və “Asan imza nömrəsi”nə göndərilən kodu sorğu yolu ilə mobil telefonunda avtomatik formalaşan “Push message” texnologiyası vasitəsilə sertifikat xidməti mərkəzinə göndərməlidirlər. Sistemin istifadəçiləri sistemdə qeydiyyatdan keçmək üçün mobil telefon nömrəsini, sistemdə olan təhlükəsizlik kodunu, daxil edilən mobil telefon nömrəsinə SMS vasitəsilə göndərilən kodu, elektron ünvanını, fiziki şəxsin fərdi identifikasiya nömrəsini (FİN) və hüquqi şəxsin və ya fərdi sahibkarın vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) tələb edilən yerlərə daxil etməlidirlər. İstifadəçi adı və parolu formalaşdırıldıqdan və sistemdən istifadə şərtləri ilə tanış olunduqdan sonra sistemdə qeydiyyat tamamlanır. Sistemin istifadəçiləri sistemdə yaradılmış elektron kabinetə daxil olmaqla, bu Qaydalarda göstərilən göstərilən məlumatlarla tanış ola və onları çap edə bilər və ya həmin məlumatların elektron imza ilə təsdiqlənmiş elektron variantını əldə edə bilərlər. Sistemin istifadəçiləri elektron kabinetə daxil olaraq, özləri barədə məlumatlarda (yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi nəqliyyat vasitəsinin istifadəçisi fiziki şəxsdirsə - qeydiyyatda olduğu və yaşadığı ünvan, mobil telefon nömrəsi, elektron ünvanı (olduğu halda), sürücülük vəsiqəsində olan məlumatlar, hüquqi şəxsdirsə - həmin nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarında dəyişikliklər edə bilərlər.

İnzibati cərimələr, dəbbə pulu, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlər, digər ödənişlər sistem operatorunun internet informasiya resursu (www.asanpay.az), əhalinin intensiv istifadə etdiyi ictimai yerlərdə quraşdırılmış və sistemə inteqrasiya olunmuş xüsusi ödəmə terminalları və ya sistemin xüsusi proqram təminatı əsasında mobil telefon aparatları vasitəsilə həyata keçirilə bilər. Sistemdə qeydiyyatdan keçən sistemin istifadəçiləri elektron kabinetə daxil olaraq, inzibati xəta haqqında iş üzrə qərar və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolla tanış olduqdan sonra ödəniş apara bilərlər. Sistemdə qeydiyyatdan keçməyən sistemin istifadəçiləri isə “ASAN ödəniş” nömrəsi” və “Qeydiyyatsız ödəmə” bölmələrinə daxil olmaqla ödəniş apara bilərlər. Mobil telefon aparatları vasitəsilə ödənişləri aparmaq üçün sistemin istifadəçiləri sistemin operatoru tərəfindən təyin edilmiş servis nömrəsinə barəsində tərtib edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolun tarixi, seriyası və nömrəsini və ya inzibati xəta haqqında iş üzrə qərarın tarixi və nömrəsini qısa mesajla – SMS vasitəsilə göndərməlidirlər. Mobil telefon aparatları vasitəsilə ödənişlər mobil telefon nömrəsinin balansından həyata keçirilir və ödənişlərin həyata keçirilməsi barədə sistemin istifadəçilərinə qısa mesaj – SMS göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR