Bakıda daş karxanasında ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıb

Bakıda daş karxanasında ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıb
# 05 yanvar 2016 14:44 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda daş karxanasında ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumatda bildirilir ki, yanvarın 1-də saat 01 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən “Gülbaxt” daş karxanası kompleksində fəaliyyət göstərən “Kristal” MMC-yə məxsus konteyner tipli istirahət otağında yanğın baş vermiş və həmin otaqda “Kristal” MMC-də usta işləmiş Ağcabədi rayon sakini, 1968-ci il təvəllüdlü Abbas Aslanovun yanmış meyiti aşkar edilib.

Bakı şəhər və rayon prokurorluqlarının, rayon polis idarəsinin, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən maddi sübutlar götürülüb və digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR