Vilayət Quliyev Macarıstan parlamentinin deputatları ilə görüşüb

Vilayət Quliyev Macarıstan parlamentinin deputatları ilə görüşüb
# 14 aprel 2016 12:04 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bu ölkə parlamentində fəaliyyət göstərən Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.

Səfirlikdən APA-ya verilən məlumata görə, görüşü qrupun rəhbəri, Macarıstan parlamentinin Beynəlxalq Əlaqələr Komitəsi sədrinin müavini Marton Döndöşü açıb. İki ölkənin tarix və tale yaxınlığından söz açan deputat son günlər regionda baş verən hadisələrdən, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində böyük tələfatlarla müşayiət olunan hərbi qarşıdurmadan narahatlığını dilə gətirib. AŞPA-nın Macarıstandan olan üzvü kimi Marton Döndöşü bu qurumun müzakirələri çərçivəsində daim Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın torpaq bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu bildirib.

Səfir Vilayət Quliyev Dağlıq Qarabağ münaqişəsinin tarixi və hazırkı vəziyyət barədə məlumat verib. Hazırda Ermənistanın işğalı altında olan bütün ərazilərin tarixi Azərbaycan torpaqları olduğu və bunun ən mötəbər beynəlxalq qurumların sənədlərində öz əksini tapdığı vurğulanıb. Bəzən macar mətbuatının da yanlışlığa yol verdiyinə, münaqişənin guya Azərbaycanla tanınmamış “DQR” arasında cərəyan etdiyinə dair məlumatlar yaymasına toxunan səfir aprelin əvvəlindəki “üç günlük müharibə"nin də işğala məruz qalmış Azərbaycan ərazilərində getdiyinə və döyüşlərin Ermənistan ordusu tərəfindən aparıldığına diqqəti çəkib. Ermənistanın işğalçı dövlət olduğunu, üstəlik get-gedə azğınlaşaraq mütəmadi şəkildə atəşkəsi pozduğunu, dinc azərbaycanlı sakinlərin təhlükəyə məruz qaldıqlarını xatırladan V. Quliyev yenə də məhz Ermənistan tərəfin fitnəkarlığı nəticəsində növbəti silahlı qarşıdurma baş verdiyini bildirib. O, Azərbaycan ordusunun düşmənə layiqli cavab verdiyini söyləyib.

Səfir parlamentlərarası dostluq qrupunun üzvlərindən istər Macarıstan parlamentində, istərsə də üzv olduqları Avropa qurumlarında və digər beynəlxalq təşkilatlarda işğalçı Ermənistan, onun Azərbaycan ərazisində törətdiyi hərbi cinayətlər və xüsusən də Xocalı soyqırımı haqqında obyektiv həqiqətləri səsləndirməyi, haqqın tərəfində dayanmağı xahiş edib.

Daha sonra V. Quliyev dostluq qrupu üzvlərinin Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan-Macarıstan münasibətləri ilə bağlı çoxsaylı suallarına cavab verib, onları maraqlandıran məsələlərə aydınlıq gətirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR