İnternetdə yoluxma riskinə ən çox məruz qalmış istifadəçilər siyahısında Azərbaycan birinci yerdə qərarlaşıb

İnternetdə yoluxma riskinə ən çox məruz qalmış istifadəçilər siyahısında Azərbaycan birinci yerdə qərarlaşıb
# 25 avqust 2016 10:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin ikinci rübündə Azərbaycandan olan hər üçüncü istifadəçi ən azından bir dəfə veb təhlükələrlə rastlaşıb və bu, dünya üzrə ən yüksək göstərici hesab olunur.

APA-Economics”in xəbərinə görə, bu barədə “Kaspersky Lab” şirkətinin məlumatında deyilir.

Məlumata əsasən, internetdə yoluxma riskinə ən çox məruz qalmış istifadəçilər siyahısında Azərbaycan birinci yerdə qərarlaşıb. Qeyd edək ki, ilin əvvəlində Azərbaycan bu göstərici üzrə dördüncü pillədə idi. İkinci rübdə orta hesabla Azərbaycandan olan hər bir istifadəçinin payına 10,5 veb təhlükə düşüb.

Buna baxmayaraq, aprel-iyun aylarında lokal yoluxma təhlükəsinin yayılma dərəcəsinə görə Azərbaycanda vəziyyət qənaətbəxş sayıla bilər. Belə ki, keçən rübdə Azərbaycanda fayllar və portativ yaddaş daşıyıcıları vasitələri ilə kompüteri yoluxdurma riski digər ölkələrlə müqayisədə daha zəif olub.

“Şəbəkədə kibertəhlükələrin sayı hər gün dayanmadan artır, zərərverici proqramlar isə daha da qəlizləşir və güclənir. Səhlənkarlıq və diqqətsizlik göstərərək istifadəçi naməlum linkə daxil olduğu və ya naməlum şəxsin göndərdiyi məktubda əlavəni açdığı zaman öz kompüterinə çoxsaylı zərərvericilərdən birini yükləmə riskinə məruz qalmaqla yanaşı qiymətli fayllar ilə məxfi məlumatları risk altına atır. Yeni və hələ geniş yayılmamış təhlükələri müəyyən edən güclü texnologiyaya malik etibarlı müdafiə həll vasitəsilə bu riskləri və onlarla bağlı problemləri aradan qaldırmaq mümkündür”, - deyə “Kaspersky Lab” şirkətinin Azərbaycan üzrə regional nümayəndəsi Müşviq Məmmədov qeyd edib.

Qeyd edək ki, Azərbaycandan sonra internetdə yoluxma riskinə ən çox məruz qalmış istifadəçilər siyahısında Rusiya və Çin yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR