Tarix Muzeyində "Azərbaycan Cümhuriyyəti.1918-1920” bölməsinin yeni quruluşda açılışı olub

Tarix Muzeyində "Azərbaycan Cümhuriyyəti.1918-1920” bölməsinin yeni quruluşda açılışı olub
# 26 may 2016 10:38 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında “Azərbaycan Cümhuriyyəti.1918-1920” bölməsinin yeni quruluşda açılışı keçirilib.

APA-nın məlumatına görə, muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, bölmədə müsəlman Şərqində ilk Demokratik Respublikanı daha dolğun və ətraflı nümayiş etdirmək üçün əsaslı dəyişikliklər edilib. Bölmə iki otaqdan ibarətdir: “Azərbaycan Cümhuriyyətinin yaranması. Qafqaz İslam Ordusu” və “Azərbaycan Cümhuriyyətinin fəaliyyəti”.

Nümayiş olunan 150-ə yaxın eksponat, 100-dən artıq fotoşəkil, 10-a yaxın xəritə və sxem, 1 maket, 2 maneken, 2 bədii kompozisiya, 1 heykəl sırasında Azərbaycanın İstiqlal Bəyannaməsinin 1919-cu ildə Parisdə göstərilmiş nüsxəsi, Qafqaz İslam Ordusunun azərbaycanlı və türk əsgər və zabitlərinin silah, ləvazimat və əşyaları, Cümhuriyyət liderlərinin şəxsi əşyaları, 1918-1920-ci illərdə Cümhuriyyətin parlament və hökumətinin qəbul etdiyi qərarlar, Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə olduğu zaman hazırlatdığı Azərbaycan bayrağı böyük maraq kəsb edir. Bölmədə qurulmuş monitorda M.Ə.Rəsulzadənin Azərbaycan Cümhuriyyətinin fəaliyyəti haqqında söylədiyi tarixi nitq səsləndirilir.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan Cümhuriyyəti.1918-1920” bölməsinin açılışını yüksək qiymətləndirib: “Bölmənin fəaliyyətə başlaması həm də elmi tədqiqat nöqteyi-nəzərdən əhəmiyyətlidir. Milli Azərbaycan Tarixi Muzeyinin bizim böyük mənəvi sərvətimizi zənginləşdirmək və müasirləşdirmək istiqamətində gördüyü işləri yüksək qiymətləndirir və inanıram ki, bölmənin fəaliyyəti uğurlu olacaq, maraqla qarşılanacaq”.

Qeyd edək ki, bölmədə 24 informasiya-məlumat paneli tamaşaçılara azərbaycan, rus və ingilis dillərində lazım olan məlumatları əldə etməyə imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR