“Quş qripi”nə görə aparılan monitorinq başa çatıb

“Quş qripi”nə görə aparılan monitorinq başa çatıb
# 19 mart 2018 12:39 (UTC +04:00)

“Quş qripi” xəstəliyinə görə martın 12-dən başlayaraq ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX), Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə növbəti monitorinq aparılıb.

DBNX-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, respublikanın dənizsahili zonalarında həyata keçirilib. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlarda saxlanılan quşlardan da nümunələr götürülüb.

Monitorinq zamanı seçmə üsulla ovlanmış 25 baş çöl quşlarının patoloji materialı və ölkənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 1771 baş ev quşlarının qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib: “Nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkarlanmayıb. Köçəri quşlar üzrə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti yoluxucu infeksion xəstəliyə rast gəlinməyib”.

DBNX əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə də müraciət edib. Müraciətdə bildirilir ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın: “Heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və s.) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın, heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılması həyata keçirilsin. Hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR