Almaniya İqtisadiyyatının Şərq Komitəsi Azərbaycanla əməkdaşlıq imkanını araşdırır

Almaniya İqtisadiyyatının Şərq Komitəsi Azərbaycanla əməkdaşlıq imkanını araşdırır
# 31 mart 2017 13:06 (UTC +04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Almaniya İqtisadiyyatının Şərq Komitəsinin (German Committee on Eastern European Economic Relations) icraçı direktoru Mihael Harms (Michael Harms) və qurumun nümayəndəsi Feliks Simmermanı (Felix Zimmermann) qəbul edib.

Mərkəzdən "APA-Economics"ə verilən məlumata görə, görüşdə Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Bauman (Tobias Baumann) da iştirak edib.


Qeyd edək ki, Almaniya İqtisadiyyatının Şərq Komitəsi Şərqi Avropa, həmçinin Qafqaz ölkələrində Almaniya iqtisadiyyatının maraqlarını təmsil edir və ən böyük alman şirkətlərini özündə birləşdirir.

Görüş zamanı V.Qasımlı Azərbaycan aparılan iqtisadi islahatlar barədə qonağa ətraflı məlumat verib. V.Qasımlı Strateji Yol Xəritəsindən danışaraq bildirib ki, bu sənəd Azərbaycanda davamlı iqtisadi islahat prosesinin bir tərkib hissəsi kimi dizayn olunub və bundan sonra Azərbaycanda iqtisadiyyat üzrə qəbul olunacaq bütün dövlət təşəbbüsləri, strategiyalar, proqramlar Strateji Yol Xəritəsinə uyğunlaşdırılacaq. Müzakirələr zamanı "Azexport" (www.azexport.az) portalı və Rəqəmsal Ticarət Qovşağının yaradılmasına xüsusi önəm verilib. V.Qasımlı bildirib ki, elektron ticarətin təşkilini tənzimləyən qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması prioritet istiqamətdir. Çünki Avropa İttifaqı ölkələrinin bazarlarına ixracın genişlənməsi Azərbaycanın marağındadır. Bu imkan həm də Azərbaycana əlavə investisiyaların cəlb olunmasına şərait yaradacaq.

M.Harms isə əlavə edib ki, onun Azərbaycana səfərinin əsas məqsədi ölkənin iqtisadiyyatı ilə yaxından tanış olmaq və mümkün əməkdaşlıq potensialı haqqında fikir mübadiləsi aparmaqdır. Qonaq əlavə edib ki, Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin artırılmasında maraqlıdırlar. Bunun üçün Azərbaycanda geniş imkanlar var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR