Türkiyənin səfiri "CEO Lunch Baku"nun fəxri qonağı olacaq

Türkiyənin səfiri "CEO Lunch Baku"nun fəxri qonağı olacaq
# 10 may 2018 10:24 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Ozoral mayın 15-də "Caspian European Club" tərəfindən təşkil olunacaq 14-cü "CEO Lunch Baku"da fəxri qonaq qismində iştirak edəcək.

Bu barədə "APA-Economics"ə "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, tədbir "Caspian European Club"un Türkiyə ilə əməkdaşlığın genişlənməsində maraqlı olan üzv şirkətlərinin çoxsaylı müraciətləri əsasında baş tutacaq.

Telman Əliyev vurğulayıb ki, "CEO Lunch Baku"da qeyri-rəsmi şəraitdə klubun üzv şirkət rəhbərlərinin Azərbaycan və Türkiyənin özəl sektor nümayəndələri arasında əməkdaşlığın genişlənməsi məsələsi üzrə təşəbbüs və təklifləri müzakirə olunacaq. O həmçinin qeyd edib ki, "CEO Lunch Baku" üzvlərinə onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacaq.

"CEO Lunch Baku" şirkət rəhbərlərinin və nümayəndələrinin iştirak edə biləcəkləri qapalı tədbirdir. Tədbirə qatılmaq üçün "Caspian European Club"un saytında aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmək lazımdır: http://www.caspianenergy.org/index.php/2018-01-09-13-22-37/ceo-lunch/item/143-ceo-lunch-baku-15-05-2018

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian European Club" 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və "Caspian Energy İnternational Media Group"un fəal iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də "Caspian American Club", 2018-ci il yanvarın 26-da "Caspian Asian Club" təsis olunub. Hər iki təşkilat 2 il ərzində "Caspian European Club"un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. "Caspian European Club"a daxil olan bütün şirkətlər avtomatik qaydada "Caspian American Club" və "Caspian Asian Club"un, "Caspian American Club" və "Caspian Asian Club"a daxil olanlar isə "Caspian European Club"un üzvü hesab olunurlar.

"Caspian European Club"un sədri Azərbaycan Prezidenti İlham Əliyevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR