“Bank Standard”ın 82 əmanətçisi bəzi dövlət qurumlarını və vəzifəli şəxsləri məhkəməyə verib

“Bank Standard”ın 82 əmanətçisi bəzi dövlət qurumlarını və vəzifəli şəxsləri məhkəməyə verib
# 29 mart 2018 11:19 (UTC +04:00)

Ləğvetmə prosesində olan “Bank Standard”ın 82 əmanətçisi bir sıra vəzifəli şəxsi, o cümlədən Azərbaycan Mərkəzi Bankını (AMB), Maliyyə Bazarlarına Nəzarət Palatasını (MBNP), “KPMG” audit şirkətini məhkəməyə verib.

APA-Economics” xəbər verir ki, bu barədə “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov məlumat yayıb.

Ə. Həsənov bildirib ki, məhkəməyə verilənlər sırasında AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov və baş direktoru Rəşad Orucov, MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı və baş icraçı direktoru İbrahim Alışov, o cümlədən bankın sağlamlaşdırılması dövründə İdarə Heyətinin sədri olmuş Xalid Əhədovun adları da var.

Onun sözlərinə görə, əmanətçilər bankın müflisləşməsində təqsirli şəxslərə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində və Nəsimi rayon məhkəməsində 6 kollektiv iddia irəli sürüb. Ə.Həsənov qeyd edib ki, məhkəməyə verilən qurum və şəxslərdən vurulan zərərin əvəzi - 47,5 mln. dollardan çox məbləğin ödənilməsi tələb olunur. "Bu, təxminən 81 mln. manat təşkil edir. Xatırladıram ki, ümumiyyətlə əmanətçilərin bu bankda 157 mln. manatı qalıb. Yaxın vaxtda digər əmanətçilər də bu iddialara qoşulacaq", - deyə Ə.Həsənov vurğulayıb.

Hüquqşünas əlavə edib ki, iddiada əsas sübut kimi Ali Məhkəmə tərəfindən təsdiq olunmuş Ləğv Planına istinad olunur: "Belə ki, Ləğv Planında “Bank Standard”da uzun illər boyu baş vermiş kobud qanun pozuntuları ətraflı təsbit edilib. Yekunda da qeyd olunub ki, 1,2 mlrd. manat borcu olan bankın 196 mln. manatlıq əmlakı var. Başqa sözlə, zərər 1 mlrd. manatdan çoxdur. Buna görə də əmanətçilərə heç bir vəsait qaytarılmayacaq".

Qeyd edək ki, "APA-Economics" bu məsələyə münasibət bildirilməsi üçün məhkəməyə verilən qurumlara sorğu göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR